Jurnalist Aytən Məmmədovaya hücum edilib
Mayın 8-də, Bakı vaxtı ilə saat 24 radələrində jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.
“Saat 12-yə qalardı. Mən taksidən düşüb liftə mindim. Orta yaşlı bir kişi də mənimlə birgə liftə mindi. Adətən qonşular da liftə minir. Bu səbəbədən fikir vermədim. Liftin qapısı bağlanan kimi həmin adam axra tərəfdən bir əli ilə çənəmi bərk sıxdı, digər əli ilə bıçağı boğazıma dirədi. Bıçaq boğazımı deşirdi. O, bıçağı geri çəkdi, sonra yenidən boğazıma dirədi. Bu səbəbdən boğazımda iki deşik izi qalıb. Dedi ki, sən ağıllanmadın. Qızımın ünvanına təhdid xarakterli və ağır söyüş işlətdi. Bu zaman lift mənim yaşadığım mərtəbəyə çatdı və qapısı açıldı. Həmin şəxs məni sərbəst buraxdı və liftlə qayıtdı. Mən həyat yoldaşımı çağırdım və o, həmin şəxsi təqib etmək istədi. Lakin onu tapa bilmədi”, deyə Məmmədova qeyd edib.
Jurnalist bildirib ki, ona hücum peşə fəaliyyəti ilə bağlıdır.
“Şübhəm var ki, bu, azyaşlı qızın məhkəmə işi ilə bağlıdır. Bundan öncə, təxminən 20 gün əvvəl ev telefonuma bununla bağlı bir təhdidedici zəng daxil olub. Çünki mən son zamanlar bu olayla bağlı (söhbət azyaşlını zorlayraq öldürməkdə günahlandırlaraq həbs edilən İlkin Süleymanovun məhkəməsindən gedir – red.) ən çox araşdırmalar, məqalələr yazan jurnalistlərdənəm. Bu, həm də ölkədə çox səs-küy doğuran hadisədir. Çox müəmmalı bir hadisədir. Yeri gəlmişkən, düşünürəm ki, bu olayın açılmasını istəməyən müəyyən qüvvələr var”.
Məmmədova deyib ki, iyrimi illik jurnalistlik fəaliyyətində ilk dəfə zorakılığa məruz qalıb.
“Jurnalist fəaliyyətim dövründə nə dövlət qurumları, nə də fiziki şəxslərlə problem yaşamamışam. Bu, ilk təhdiddir”, deyə o qeyd edib.
Aytən Məmmədova fiziki zorakılığa məruz qalması ilə bağlı polisə məlumat verib. Lakin polis hələ hadisə ilə bağlı şərh verməyib.
Azyaşlı qız 2019-ci il noyabrın 21-də yaşadığı Tovuz rayonunun Dondar Quşçu kəndində itkin düşüb. 2020-ci il yanvarın 6-da kənddə onun yandırılmış meyiti tapılıb. Bundan sonra 48 yaşlı İlkin Süleymanov saxlanılıb. O, Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələri ilə ittiham olunur. Süleymanov məhkəmədə azyaşlının ölümünə aidiyyəti olmadığını deyib. O bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək ittihamı etiraf ifadəsinə imza atmağa məcbur olub.
Baş Prokurorluq onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib.
Bununla yanaşı, hüquq müdafiəçiləri İlkin Süleymanovun günahının sübut edilmədiyini bildirirlər və günahkarların başqa şəxslər olduğu qənaətindədirlər. Məhkəmə prosesi aylardır davam edir, lakin hələ son qərar verilməyib.
Aytən Məmmədova ölkədə məhkəmə işləri ilə bağlı məqalələr yazan jurnalistlərdəndir.
Turan