Şagirdi ilə cinsi əlaqəyə girərək onu hamilə buraxmış müəllimə 1 il cəza verilməsi qəzəb doğurub

Lerikda şagirdi ilə cinsi əlaqəyə girərək onu hamilə buraxmış müəllimə 1 il cəza verilməsi qəzəb doğurub.

Sosial mediada 60 yaşlı müəllim Şəfahət Məmmədovun bu hərəkəti və hakimin belə qərarı sarsıntı yaradıb.

Hadisəni sosial mediada ictimailəşdirən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Facebook hesabında yazıb ki, müəllimə 1 il cəza verilməsinə etiraz edərək bildirmişdi ki, “ağsaqqallar yığılıb, xahiş ediblər ki, ağsaqqaldı, müəllimdi gunahını bağışlayın… və filmin sonu”.

Sosial mediada etirazlardan sonra Baş Prokurorluq açıqlayıb ki, dövlət ittihamçısı tərəfindən təyin edilmiş cəzanın yüngül olması əsası ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya protesti verilib.

Baş prokurorluq bildirib ki, “16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə” maddəsi ilə təqsirləndirilən Şəfahət Məmmədovun cinayət işi üzrə istintaq prosesi iyun ayında tamamlanıb və iş baxılması üçün Lerik rayonuna göndərilib.

Qurum məhkəmənin Şəfahət Məmmədovu ittiham olunduğu maddə ilə təqsirli bilərək ona 1 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etdiyini bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu ilin aprelində bildirmişdi ki, azyaşlının “ailəsinin yanında qalmasının təhlükəli olduğu” nəzərə alınaraq o, Bakıdakı sığınacaqlardan birinə yerləşdirilib.

BBC