AŞPA prezidenti: “Belarusda seçkilər ədalətli və azad olmayıb”
Avropa Şurası Parlament Assambleyasının prezidenti Rik Dems çərşənbə günü bəyanatla çıxış edib:
“Mən Belarusda prezident seçkilərinin gedişini, həmçinin ötən gecə səsvermə başa çatdıqdan sonra baş vermiş hadisələri diqqətlə izlədim. Dərin təəssüflə qeyd edirəm ki, bu seçkilər heç də azad və ədalətli deyildi. Namizədlərin sərbəst şəkildə öz namizədliklərini irəli sürmək və seçkiqabağı kampaniya aparmaq imkanları yox idi; dinc nümayişçilərin, fəalların və jurnalistlərin kütləvi şəkildə saxlanılması da daxil olmaqla, sərbəst toplaşma azadlığının və ifadə azadlığı ilə bağlı ciddi məhdudiyyətlər müşahidə olunurdu; erkən səsvermə prosedurunun dürüstlüyü şübhə altına alındı.
Ötən gecə baş verən hadisələr, o cümlədən polis və hərbi qüvvələrin tətbiqi, eləcə də nümayişçilərin saxlanması mənim narahatlığımı artırır.
Mən hakimiyyəti təkidlə maksimum təmkin göstərməyə və Belarusun beynəlxalq öhdəliklərinə və vəzifələrinə uyğun olaraq, əsas insan hüquq və azadlıqların maneəsiz həyata keçirilməsini təmin etməyə çağırıram. Fikrin ifadə olunması və dinc toplaşma azadlığı demokratik cəmiyyətin ən mühüm sütunudur, plüralist və demokratik siyasi proses üçün vacib şərtdir.
Seçkiqabağı kampaniyada seksizm kimi problemlərlə qarşılaşmalarına baxmayaraq, bu siyasi prosesdə liderlər, kampaniya iştirakçıları və fəal seçicilər kimi iştirak edən Belarus qadınlarının cəsarətini və qətiyyətini xüsusilə alqışlayıram.
Uzun müddət AŞPA Belarus hakimiyyətini israrla “əsl rəqabətli siyasi sistemə” keçməyə çağırıb. Bu sistemdə partiyalar və namizədlər maneəsiz qeydiyyatdan keçə bilər və öz seçkiqabağı kampaniyasını apara bilər. Seçicilər isə azad və düşünülmüş seçim edə bilər. Bu seçkilərin keçirilməsi ilə bağlı dərin məyusluğa baxmayaraq, Belarus vətəndaşlarının hüquq və azadlıqları bizim üçün əvvəlkitək çox vacibdir”, – bəyanatda bildirilir.