Fərəc Kərimli Ukraynada: “Əlimizdən gələni edirik”
Müsavat başqanının müavini Fərəc Kərimli Ukrayna ordusunun tərkibində yaradılan Krım Tatar Qvardiyasında hərbçilərin hazırlanmasında iştirak edir.
Fərəc Kərimli özünün feysbuk hesabında Krım Tatarlarının lideri Mustafa Cəmiloğlu, Azərbaycan Daxili Qoşunlarının sabiq komandanı Fəhmin Hacıyev və Müsavatın Məclis üzvü Ayxan Hacıbəyli ilə şəklini paylaşaraq, aşağıdakıları yazıb:
“Ukraynadan haqqın yanında olan hər kəsi salamlayıram!
Dostlar, artıq bir aydan çoxdur vətəndən ayrıyam. Ukraynadan dostların dəvəti ilə həm vəziyyətlə yerində tanış olmaq üçün, həm Müsavat Partiyası adından, Azərbaycanda Ukraynaya dəstək verən hər kəsin dəstəyini ifadə etmək, həm də təcrübə mübadiləsi üçün Ukraynaya gəldim.
Döyüşlərə qatılmasam da Ukrayna Silahlı Qüvvələrinin tərkibində olan, qardaş Krım Tatarlarının yaratdığı Numan Çelebicihan adına Milli Qvardiyaya döyüş hazırlığında əlimdən gəldiyi qədər yardımçı oldum. Bundan sonra da Ukraynanın, qardaş Krım Tatarların hər zaman yanında olacağıq.
Dünən dünyaca məşhur mübarizə adamı, Krım Tatarlarının hüquqları uğrunda mübarizə apardığı üçün uzun illər sovet hakimiyyəti dövründə həbslər və sürgün həyatı yaşamış, Ukrayna Ali Radasının deputatı Mustafa Cəmilovla görüşdük. Mustafa bəy bizim üçün canlı əfsanədir və örnək alınacaq şəxsiyyətdir, onunla görüşmək şərəfdir. Görüşdə keçmiş DQ komandanı Fehmin Haciyev və Müsavat Məclisinin üzvü, hərbi jurnalist Ayxan Hacıbəyli də iştirak etdi.
Müharibənin gedişatına gəldikdə isə, dostlar, ürəyiniz rahat olsun, Ukrayna xalqı aslanlar kimi öz vətənləri uğrunda, hətta deyərdim bütün dünyanın xoşbəxt gələcəyi uğrunda döyüşür. Beynəlxalq birliyin davamlı dəstəyi ilə də hər gün daha da güclənir. Qələbə Ukraynanındır!
Krım başda olmaqla Ukraynanın bütün işğal olunmuş torpaqlarının azad olacağına inanıram.
Yaşasın Azərbaycan! Yaşasın Ukrayna!
P.S. dostlar, hər birinizi çox istəyirəm, sizlər üçün, Azərbaycan üçün çox darıxmışam, bircə xahişim var ki, çox şişirdilmiş söhbətlər danışamayın”.
Qeyd edək ki, Fərəc Kərimli zabit olaraq, 44 günlük Vətən müharibəsində Füzulidən Şuşayadək döyüş yolu keçib, “Vətən uğrunda” medalı ilə təltif edilib.