Qaranlıqlar içində işıqlı yolla gedirik

Bakı. Bir may gecəsi.

Bəlkə də həyatımızın rəmzidir? Qaranlıqlar içində işıqlı yolla gedirik işıqlığa çıxmaq, azadlığa, ləyaqətli həyata çatmaq üçün…

Köhnə, Azneftdəki ata evimizdə yaşayanda da, 2004-də təzə, Yasamaldakı evə köcəndə də şəhərdə Vidadiylə, Hikmətlə, Raufla, Həsənlə 5-10 kilometrlik gəzintilərim vaxtı küçələri hadırlayanda yolum çox vaxt bu pilləkandan keçirdi. Bir vaxtlar şəhər üzərində imperiya rəmzi kimi yüksələn Kirovun heykəlinə doğru aparan, Lev İlyinin memarlığıyla tililmiş bu pilləkan və yuxarıdakı meydança, oradan açılan mənzərə. Sevdiyim qızlarla nə qədər gəlmişəm bu meydançaya, Bakıya baxmağa…

Aylı gecə, doğma şəhər
Ətrafına sal bir nəzər,
Yollarını nurla bəzər,
Bizim Bakı gecələri!

Necə də gözəlsən, mənim Bakım. Gecələrin də, gündüzlərin də, yazın da, qışın da, yayın da, payızın da. Səbahəddin Əlinin “Mayısda könlüm sərxoşdur” şeri yadıma düşdü bu şəklə, çəkilmə tarixinə baxanda, amma Googledə tapmadım, bir-iki misrasını bura yerləşdirim. Gözəl şerdir!

Amma Ələkbər Tağıyevi ilhamlandırıb mahnı bəstələməyə sövq edən Ələkbər Ziyatayın bu şeri da gözəldir, başqa-başqa, müqayisə edilməyəcək şerlər olsa da:

Əsər külək sərin-sərin
Qucağında göy Xəzərin.
Gözəlidir gecələrin,
Bizim Bakı gecələri!

Bakının yaz havası, may havası. Erlangenin gözəl yaz havasını ləzzətlə ciyərlərimə çəkə-çəkə Bakının havasını xatırlayıram – çiçəkləyən akasiyalar, adını indi xatırlaya bilmədiyim güllər, torpaq, Xəzərin qoxusu, asfalt və yanıq benzin qoxusu dolu havasını, uşaqlığımın, gəncliyimin, ötüb-keçən həyatımın havasını, səs-küyünü, musiqilərini…

Vaqif Mustafazadənin aranjemanında və ifasında Ələkbər Tagıyevin “Bizim Bakı gecələri…” mahnısının linkini şərhdə yerləşdirirəm. Allah hamısına rəhmət eləsin!

 

Foto: Oruc Mehdiyev, 23.05.22.

 

Yazı Çingiz Sultansoyun feysbuk səhifəsindən götürülüb.