Arif Hacılı: “Avropa parlamentinin üzvləri ilə görüşlərdə Azərbaycanın mövqeyini açıqladıq”
Dublin şəhərində Avropa Liberallar və Demokratlar İttifaqının (ALDE) Konqresinin növbəti iş günü başa çatıb.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, o, müavini Səxavət Soltanlı ilə birlikdə ciddi ümumi məsələlərin müzakirələrində iştirak etməklə yanaşı, bir sıra görüşlər keçirib.
“Cənubi Qafqazda sülh və qarşılıqlı münasibətlərin perspektivləri mövzusunda keçirilən dəyirmi masanın növbəti toplantısında Azərbaycanın və Müsavat Partiyasının mövqeyini açıqladıq.
Gürcüstan, Ukrayna, Böyük Britaniya, Almaniya və digər ölkələrin siyasi partiya rəhbərləri, ictimai xadimləri, Avropa Parlamentinin üzvləri ilə görüşlərimizdə Qarabağ nizamlanması, Azərbaycanda demokratik dəyişiklər zərurəti, siyasi qurumlarla Müsavat Partiyasının əməkdaşlıq münasibətlərinin inkişafı məsələlərini müzakirə etdik.
Mövqelərimiz əsasən üst- üstə düşən Gürcüstan və Ukrayna siyasi partiya rəhbərləri və parlament üzvləri ilə ayrıca görüşümüz oldu” – deyə Müsavat başqanı bildirib.
Arif Hacılı əlavə edib ki, iyunun 4-də görüşlər davam edəcək.
ALDE qrupu Avropa Parlamentinin ən böyük fraksiyalarından biridir. Qrup Avropa Parlamentində 100 deputatla təmsil olunur. Qrupa 43 ölkədən olan siyasi partiyalar daxildir. Müsavat Partiyası 2007-ci ildən ALDE-nin üzvüdür.
Basta