Şamaxı-Bakı yolunda qəzaya düşən məktəblilərin valideynləri şirkət nümayəndəsini döydülər – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

İdarənin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, qəza zamanı ölən olmayıb:

“Bu məlumat həqiqəti əks etdirmir”.

Qeyd edək ki, iyunun 12-si saat 22:50 radələrində Bakı-Şamaxı yolunun 108-ci kilometrliyində Pərviz Quliyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtobus idarəetməni itirərək qəza törədib.

Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***

Dünən Bakı-Şamaxı yolunda baş verən ağır qəzada xəsarət alan 279 nömrəli məktəbin şagirdlərinin valideynləri ilə tur şirkəti arasında insident olub.

Buna səbəb isə tur şirkətinin öz öhdəliyini yerinə yetirməməsi, şagirdlərin müayinə və müalicəsi üçün lazım olan ödənişi etməməsidir.

Hadisədə qolu qırılan şagird bu səbəbdən üçüncü dəfə xəstəxana dəyişdirməli olub. Əsəblərini cilovlaya bilməyən valideynlər isə tur şirkətinin nümayəndəsi ilə əlbəyaxa dava ediblər.

Hadisə yerində olan şirkət nümayəndəsi isə orada yalnız məlumat ötürmək üçün durduğunu bildirib.

Şirkətin adını gizlədən şəxs indiyə qədər heç bir yerdə ad çəkilmədiyini, lakin yaxın zamanlarda şirkətin adının açıqlanacağını bildirib.