Amerika Venesuelaya benzin daşıyan 4 İran tankerini saxlayıb

Amerika Birləşmiş Ştatları sanksiyaları pozduqları üçün İran benzini daşıyan 4 gəmini saxlayıb.

Bu barədə “Wall Street Journal” adını çəkmədiyi amerikalı rəsmilərə istinadən məlumat yayıb. 


Bildirilir ki, həmin gəmilər bir neçə gün əvvəl beynəlxalq sularda saxlanılıb və hazırda Texan ştatının Hyuston şəhəri istiqamətində aparılırlar. 


Tankerlərin limanda lövbər salacağı vaxt ABŞ-in bəzi yüksək dövlət rəsmilərinin də orada olacağı gözlənilir. 


Məlumatda qeyd edilir ki, gəmilər 1.1 milyon barel İran benzin yükü ilə Venesuela istiqamətində üzürlərmiş.


Xatırladaq ki, keçən ay ABŞ-ın Federal Prokurorluğu Venesuelaya neft aparan 4 İran tankerinin saxlanması ilə bağlı bu ölkə rəsmilərinə müraciət ünvanlamışdı. Rəsmi Vaşinqton İran və Venesuelanın maliyyə vəsaitləri və güclənmək üçün ehtiyac duyduqları əmtəələri əldə etməsinə maneə olmaq istiqamətində təlaşlar göstərir. 

Rəsmi Tehran hələ ki, yayılan xəbərə münasibət bildirməyib.

Gunaz.TV