ABŞ və Rusiya Azərbaycan-Ermənistan münaqişəsini müzakirə etdi
ABŞ Dövlət katibi Antoni Blinken mayın 18-də İslandiyada, Reykyavikdə Arktika Şurası Nazirlər Kabinetinin iclası çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşündə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələləri də müzakirə edib.
Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price məlumat yayıb.
“Dövlət katibi Suriya xalqı üçün humanitar girişin təmin edilməsinin vacibliyini vurğuladı, eyni zamanda Ermənistanla Azərbaycan arasındakı münaqişəyə uzunmüddətli siyasi həll yolu tapmaq kimi regional məsələləri müzakirə etdi. Əfqanıstan, strateji sabitlik, İran və KXDR-in nüvə proqramlarını cilovlamaq da daxil olmaqla davamlı və inkişaf etmiş əməkdaşlıqdan hər iki xalqın faydalana biləcəyi sahələri də müzakirə etdilər. Dövlət katibi və xarici işlər naziri davamlı müzakirələrə sadiq qaldıqlarını bəyan etdilər,” sözçünün yaydığı məlumatda deyilir.
Dövlət katibi Blinken mayın 16-da Yaxın Şərqdə vəziyyəti müzakirə etmək üçün Fransanın Xarici İşlər naziri İv Le Drianla telefon söhbəti zamanı Dağlıq Qarabağ münaqişəsinin uzun müddətli siyasi həllinin vacibliyi məsələsini müzakirə edib.
ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir. Minsk Qrupu münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə yaradılıb. Minsk Qrupunun həmsədrləri vasitəçilikləri dövründə tərəflər arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Son günlər Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı problemlıər yaşanır. Ermənistan tərəfi Azərbaycan sərhədçilərinin bu ölkənin ərazisinə daxil olduğunu, Azərbaycan tərəfi isə havaların istiləşməsi ilə əlaqədar olaraq dağlıq ərazilərdə öz əvvəlki sərhəd mövqelərinə çıxdıqlarını bildirir.
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.
2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.
İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.
Amerikanın səsi