ASTARA: Yaşayış massivi, zibillik, yoxsa narkotik aludəçilərinin oylağı?

Astara rayonunun Səməd Vurğun küçəsində yerləşən köhnə hərbi hissənin həyətində anormal vəziyyət yaranıb.

Belediyye.netin məlumatına görə, ətraf ərazilərin sakinləri də, məişət tullantılarını gətirib bura atırlar. Mövcud vəziyyətdən şikayətçi olan sakinlər antisanitar vəziyyətdən əziyyət çəkdiklərini deyirlər.

“Köhnə hərbi hissənin dağılmış binaları narkotik istifadəçilərinin məkanına çevrilib. Uşaqlarımızı küçəyə buraxa bilmirik. Bütün günü buralarda dolaşan narkotik aludəçilərinin hər an uşaqlarımıza nəsə edə biləcək qorxusu bizi rahat buraxmır. Bir yandan da istifadə etdikləri inyeksiya məhsullarının əl-ayağımızın altına tökülməsi tükürpədici mənzərə yaradır”, -şikayətçi sakin narahatlığını belə ifadə edir.

“Üfunət iyindən nə evdə otura bilirik, nə küçəyə çıxa bilirik. Küçəmiz o qədər diqqətdən kənarda qalıb ki, kənar məhəllələrin sakinləri də məişət tullantılarını bura atırlar”, –  deyən başqa sakin bildirir.

Səməd Vurğun küçəsinin sakinləri aidiyyatı qurumların qarşıdan gələn isti yay günlərində yaranacaq dözülməz vəziyyəti nəzərə almalarını, ərazinin tullantılardan təmizlənməsini, sanitargigiyenik qaydaların təmin edilməsi üçün küçəyə konteyner qoyulmasını xahiş edirlər.

Sakinlər narkotik aludəçilərinin ərazidən dağıdılmasını tələb edirlər.

 

Basta2.com