Belarus inqilabı postsovet məkanı silkələyəcək
Ərəstun Oruclu
.
Leninin bir əsrdən əvvəl dediyi “Biz sizi (bizə) atəş açmağa məcbur edəcəyik!” tezisi bu gün də özünü doğrultmaqdadır. Yəni, ayağa qalxaraq haqqını, azadlığını tələb edən xalqa qarşı atıla biləcək ən uğursuz, ən səmərəsiz addım bu gün də zorakılıqdır.
Lenin nə dediyini və nə elədiyini yaxşı bilirdi.Lenin bilirdi ki, zorakılığa məruz qalanlar birləşirlər və onlara divan tutan gücdən daha qüdrətli gücə çevrilirlər. Bolşevik lideri bilirdi ki, güc əslində ən zəif və ən tez sınan alətdir. Çünki hansısa mərhələdə həmin gücü tətbiq edənlər düşünəcəklər və dayanacaqlar. Ən azl qorxu onları buna vadar edəcək.
Belaruslar İkinci Dünya Müharibəsində ilk partizan savaşını həyata keçirmiş xalqdır və bu savaş Hitler Almaniyası qoşunlarının Belarusa daxil olmasından cəmi 5-6 gün sonra baş verib. Onlar tarixə adını gizli hərəkatlar qurmağı bacaran və partizan savaşı apara bilən xalqlardan biri kimi yazıblar.
Belə bir xalqa qarşı zorakılıq, onu sındırmaq məqsədilə alçaldıcı hərəkətlər isə çətin ki, bağışlansın. Odur ki, psevdodiktator Lukaşenkonun artıq siyasi cəsəd olduğunu əminliklə demək olar. Belarus inqilabı məğlub olmayıb, o, hələ indi başlayır və sonda qalib gələcək. Zaman artıq buna işləyir.
Belarus inqilabı postsovet məkanı silkələyəcək və bunu anlayan psevdodiktatorların Lukaşenkonu “qələbə” münasibətilə tələm-tələsik təbrik eləməsi gözü çıxmış qardaşlarına siyasi dəstəkdən çox özünüqoruma instinktinin təzahürüdür. Bəli, bu, instinktdir, çünki mağara təfəkkürü şüurla deyil, instinktlərlə idarə olunur.
Psevdodiktatorların hamısı yalnız bir sahədə uğur qazana biliblər – özlərini qorumaq üçün zorakılıq maşını yaratmaqda, halbuki kobud güc ən etibarsız özünüqoruma vasitəsidir. Ona görə ki, hansısa bir anda həmin vasitə işləməyəndə arsenalda onu əvəz edə biləcək heç nə qalmır və məhv qaçılmaz olur.Psevdodiktatorlar yalançıdılar, çünki onlar idarə etdikləri xalqlara daim yalan danışırlar, onların nəfəsi də yalanla gedib-gəlir, onların özlərinin mövcudluğu belə yalandır.
Psevdodiktatorlar qorxaqdılar, çünki onlar qorxu altında saxladıqları insanlardan qorxurlar. Prevdodiktatorlar ən qaydasız oğrulardılar, çünki onlar özlərininki saydıqları ölkədən nəyi gəldi və necə gəldi oğurlayırlar.Psevdodiktatorlar rəzildilər, ona görə də xalqları rəzalətə sürükləməyə çalışırlar, ətraflarına rəzilləri toplayırlar. Yalnız bu halda onlar özlərini komfort şəraitində hiss edə bilərlər.
.
Yazı Ərəstun Oruclunun feysbuk səhifəsindən götürülüb.
Basta