Eldar Həsənova qarşı ittihamın detalları məlum deyil
Avqustun 12-də Azərbaycanın Serbiya, Bosniya- Herseqovina və Monteneqrodakı səfiri Eldar Həsənovun saxlanılmasına dair sensasiyalı xəbərin detalları hələ ki açıqlanmayıb.
Onun konkret nədə ittiham olunduğu hələlik dəqiq məlum deyil. “Büdcə vəsaitlərinin oğurlanması” rəsmi ifadəsi çox az şeyə işıq salır. E.Həsənovun “külli miqdarda büdcə vəsaitini təyinatı üzrə xərcləməməsi və digər hüquqpozmalar törətməsi” ilə bağlı istintaqın iddiaları da yetərli deyil.
Səfirin vəkili vəziyyəti şərh etmir. Cinayət Məcəlləsinin hansı maddələri ilə ittihamın irəli sürüldüyü məlum deyil. Lakin E.Həsənovun XİN Konsulluq xidmətinin əvvəllər həbs edilmiş yüksək vəzifəli şəxsləri ilə əlaqələndirildiyini nəzərə alsaq, ittihamlar eyni olacaq -mütəşəkkil qrupun tərkibində dövlət vəsaitinin mənimsənilməsi, rüşvətxorluq.
Bir sutka keçib, E.Həsənovun həbsi barədə məlumat hələ də yoxdur. Hələ ki o, saxlanılan şəxsdir və bu statusda 48 saat qala bilər.
Hələ ki E.Həsənovun səfir vəzifəsindən azad edilməsi barədə dövlət başçısının sərəncamı da yoxdur.
Bu vəziyyətdə çox ambisiyalı siyasətçi kimi tanınan E.Həsənovun şəxsi keyfiyyətləri diqqəti cəlb edir. Məhz bu səbəbdən Heydər Əliyev vaxtilə onu baş prokuror vəzifəsindən kənarlaşdıraraq Rumıniyaya səfir göndərmişdi.
Ehtimallara gəldikdə isə korrupsiya ittihamının yalnız görüntü olduğu istisna deyil, səfirin saxlanmasının əsl səbəbinin siyasi kökləri var. Bununla bağlı bir sıra müşahidəçilər İlham Əliyevin iyulun 15-də söylədiyi fikirləri xatırlayırlar. O deyib ki, bəzi diplomatlar xaricdə dövlətin maraqlarına xidmət etmək əvəzinə düşmənçilik fəaliyyəti ilə məşğul olurlar.
Turan