Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verdi

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək.

Türkiyə mətbuatı yazır ki, bu barədə üç ölkənin liderləri arasında Madriddə keçirilən danışıqların sonunda bildirilib.

NATO sammiti ərəfəsində Finlandiya prezidenti  Sauli Niinistö, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri Maqdalena Andersson arasında görüş keçirilib.

Mesajda qeyd edildiyi kimi, “Xarici işlər nazirləri Madriddə keçiriləcək sammitdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzv olmağa dəvətinə dəstək ifadə edəcəyini təsdiqləyən üçtərəfli memorandum imzalayıblar”.

Bəyanatda həmçinin qeyd olunur ki, Şimali Atlantika Alyansındakı müttəfiqlər yaxın iki gündə Stokholm və Helsinkinin hərbi bloka qoşulması üçün konkret addımlar barədə razılığa gələcəklər.

Ərdoğanın ofisi də öz növbəsində bildirib ki, İsveç və Finlandiya Türkiyənin hərbi-sənaye kompleksinə qarşı embarqonu aradan qaldırmağa söz verib. Onlar həmçinin terrorizmlə mübarizədə kəşfiyyat məlumatlarının mübadiləsi mexanizmi yaradacaqlar və terrorçu PKK təşkilatına dəstək verməyəcəklər, Türkiyə prezidentinin dəftərxanası əlavə edib.

Finlandiya və İsveç mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər. Lakin Türkiyə onların nəzərdən keçirilməsinə mane olub.

İyunun 29-30-da İspaniyanın paytaxtında NATO sammiti keçiriləcək.

Basta