Güneyli rejissor Cəfər Pənahi 6 il həbs cəzasına məhkum edilib
Dünya şöhrətli Güney azərbaycanlı rejissor Cəfər Pənahinin həbsindən bir həftə sonra İran məhkəmə sisteminin sözçüsü Məsud Setayişi onun 6 illik həbs cəzasını çəkmək üçün Evin zindanına köçürüldüyünü deyib.
O, rejissorun “toplaşma və əlbir olmaq” və “sistemə qarşı təbliğat”da ittiham olunduğunu və 6 illik həbs cəzası qərarının dəyişməyəcəyini bildirib.
Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Cəfər Pənahi iyulun 9-da polisə “Silahını yerə qoy” çağırışı edən kinematoqrafçılar Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı mədəniyyət fəalından biridir.
Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kino xadimi ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanının prokurorluğuna gedib, ancaq o, prokurorluqdan çıxarkən həbs edilib.
Kinorejissor və ssenarist, İran kinematoqrafiyasının yeni dalğa nümayəndələri arasında ən tanınmış şəxslərdən biri olan Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.
Günaz TV