BMT-nin baş katibi Ukrayna taxılının ixracı ilə bağlı razılaşmalardan sonra Odessa limanına endirilən zərbələri pislədi

BMT-nin baş katibi Antonio Quterreş iyulun 23-də Odessa limanına edilən hücumları “qeyd-şərtsiz pisləyir”. Bu barədə onun mətbuat xidmətinin bəyanatında deyilir.

Dünən tərəflər Ukrayna taxılının dünya bazarlarına təhlükəsiz daşınmasını təmin etmək üçün öz üzərinə öhdəliklər götürüblər. Bu məhsullar qlobal ərzaq böhranını həll etmək və dünyada ehtiyacı olan milyonlarla insanın əzabını yüngülləşdirmək üçün çox lazımdır. Rusiya Federasiyası, Ukrayna və Türkiyə tərəfindən tam icrası məcburidir.

Antonio Quterreş Rusiya və Ukraynanın Türkiyə və BMT ilə bağladığı taxıl ixracı müqavilələrini imzalayanlardan biri olub. Müqavilələr Ukrayna taxılının Odessa, Çernomorsk və Yujnı limanlarından sərbəst şəkildə ixracını nəzərdə tutur. Tərəflər gəmilərə və liman infrastrukturuna zərbə endirməmək barədə öhdəlik götürüblər.

Ukrayna Rusiyanı iyulun 23-də Odessa limanına “Kalibr” raketləri atmaqda ittiham edib. Ukrayna Hərbi Hava Qüvvələrinin nümayəndələri bildiriblər ki, zərbə ixrac edilməli olan taxılın saxlandığı yerə endirilib, lakin sonradan məlum olub ki, taxıl anbarına ziyan dəyməyib.

 

Basta