“İkinci cəbhə” harada açılacaq?
Dadaş Əhmədli, politoloq
Ukrayna silahlı qüvvələrinin son günlər cəbhədə üstünlüyü ələ alması, xüsusilə, Krımdakı hərbi aerodromu yüksək dəqiqliklə vurmasından sonra Rusiya rəhbərliyində qələbə ilə bağlı illüziyalar məhv olmaqdadır. Kremldə dərk edirlər ki, bu gedişlə nəinki qələbə əldə etmək mümkün olmayacaq, eləcə də, hakimiyyətin əldən çıxması ehtimalı artacaqdır. Bu səbəbdən də çıxış yolu kimi “ikinci cəbhə” açmaq, diqqəti Ukraynadan yayındırmaqla daxili auditoriyanı başqa bir məkanda əldə edilmiş “qələbə” ilə ovutmaq gərəkir. Bəs, “ikinci cəbhə”ni harada açmaq mümkündür? Rusiyanın bu baxımdan seçimi 4 keçmiş SSRİ respublikalarından biri, yaxur bir neçəsi ola bilər. Bunlar: Azərbaycan (Qarabağ), Gürcüstan (Abxaziya və Cənubi Osetiya), Moldova (Dnestryanı) və Qazaxıstandır. Şuşa Byannaməsinin ratifikasiya edilməsindən sonra Azərbaycanla konfliktə getmək həm də Türkiyə ilə qarşılaşmaq anlamına gəlir ki, bu da çox risklidir. Moldovanın isə Rusiya ilə ümumi sərhədi yoxdur və orada getmək üçün Ukraynadan keçmək lazımdır. Üstəlik, NATO ölkələrinin qonşuluğunda yerləşən bu ölkəyə Alyansın dəstək verə biləcəyi (Ukraynada olduğu kimi) ehtimalı yüksəkdir. Qalır Gürcüstan və Qazaxıstan. İndi Kremldə əsas müzakirə mövzusu bu iki ölkədir.
Rusiya Prezidenti Vladimir Putin dünən Rusiya Federasiyası Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyinin nümayəndələri ilə videokonfrans vasitəsilə keçirilən operativ müşavirədə Ukraynada vəd edilmiş yüksək səs-küylü və sürətli qələbələrin olmadığını qeyd edib. İclas iştirakçıları bəraətverici tərzdə fikirlərini ifadə etməyə çalışsalar da, prezident kobud şəkildə onların sözünü kəsib. Putin vicdanlı cavab tələb edən birbaşa sual verib: “Sentyabrın əvvəlinə kimi hansı nəticələr gözləmək olar?” Bir neçə cavabı dinlədikdən sonra ümumiləşdirilə bilən “İndi böyük qələbələr barədə danışmaq boşboğazlıqdır. Necəsə, vəziyyətdən çıxmaq lazımdır.” Putin görüşü başa çatdırıb. Daha sonra prezident yaxın çevrəsindən olan bir neçə şəxslə və ayrıca Yuri Kovalçukla cəbhədəki problemləri müzakirə edib.
Axşam Putin videokonfrans vasitəsilə Baş Qərargah və Müdafiə Nazirliyinin rəhbərliyinin iki nümayəndəsi, FTB xidmətlərindən birinin rəhbəri, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Təhlükəsizlik Şurası katibi Nikolay Patruşevin iştirak etdiyi növbəti görüş keçirib. Onlar cəbhədə inamlı qələbələrin olmaması ilə bağlı bütün eyni problemləri və bu problemlərin həlli yollarını müzakirə ediblər. Putin şəxsən üçüncü dövlətin ərazisində eyni vaxtda daha inandırıcı “xüsusi hərbi əməliyyat” keçirməyin mümkünlüyü məsələsini təqdim edib ki, orada qalib nəticə əldə etmək “zəmanət” verilə bilər və bununla da diqqəti Ukrayna cəbhəsindən yayındırmaq olar. Bu təklifin müzakirəsi bir saatdan çox çəkib və nəticədə Putin Patruşevə Qazaxıstan və Gürcüstan ərazisində “xüsusi əməliyyat” planlarının hazırlanmasına rəhbərlik etməyi tapşırıb. İki ayrı plan nəzərdə tutulur, biri Qazaxıstan, digəri Gürcüstan üçün. Sentyabrın 1-nə qədər hər iki variant prezidentə təqdim edilməlidir.
Dünən bir neçə nəfərin iştirakı ilə Putin faktiki olaraq ilk dəfə etiraf edib ki, Ukraynadakı hərbi münaqişə sadəcə olaraq, plana uyğun getmir (bu, əslində, hamıya məlumdur və prezidentin xüsusi etiraflarına ehtiyac yoxdur) və şəxsən onun üçün problemə çevrilir. Bu səbəbdən də onun həlli ilə bağlı təcili tədbirlər görülməlidir. Putin problemin “həlli”ni yeni “nəzarət olunan xaos”un yaradılmasında görür, burada şəksiz qalib o olacaq. Dərindən baxdıqda, əslində, ikinci cəbhə açmaq təkcə Putin üçün deyil, həm də ölkə üçün çılğın və fəlakətli fikirdir, amma onu kim dayandıracaq, “Əsas şəxs” o, özüdür.