Əvəz Zeynallı və Elçin Sadıqovun hüquqlarının müdafiə komitəsi yaradıldı
Sentyabrın 12-də Müsavat Partiyasının qərargahında həbs olunan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun hüquqlarının müdafiə komitəsinin təsis toplantısı keçirilib.
Fikrət Cəfərlinin aparıcı olduğu tədbirdə ictimai fəal Bəxtiyar Hacıyev, “Müdafiə Xətti” təşkilatının təsisçiləri Rüfət Səfərov və Zəfər Əhmədli, vəkil Osman Kazımov, yazıçı Kəramət Böyükçöl, Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədrinin müavini Seymur Həzi, LAF TV-nin həmtəsisçisi Ləman Ələşrəfqızı, Kanal 13-ün rəhbəri Əziz Orucov və digər ictimai-siyasi fəallar çıxış ediblər. Onlar çıxışlarında bildiriblər ki, jurnalist Əvəz Zeynallı tənqidi çıxışlarına, vəkil Elçin Sadıqov isə siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etdiyinə görə həbs edilib.
Müzakirələrin yekunu olaraq Əvəz Zeynallı və Elçin Sadıqovun azadlığa buraxılması tələbilə bəyanat qəbul edilib. Müvafiq tədbirlərin planlaşdırılması Müdafiə Komitəsinə həval edilib. Bəxtiyar Hacıyev Müdafiə Komitəsinin sədri seçilib.
Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb. Onların evlərində və ofislərində axtarış aparılıb.
Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqov isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur. Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Onlar “Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunurlar.
Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi.