Moskva və Sankt-Peterburqun bələdiyyə deputatları Putinin istefasını tələb etdilər
Moskva və Sankt-Peterburqun 18 rayonundan olan bələdiyyə deputatları Rusiya prezidenti Vladimir Putinin istefasını tələb edən bəyanat imzalayıblar.
Sənədi Sankt-Peterburqdakı Semyonovski bələdiyyəsinin sədr müavini Kseniya Torstrem dərc edib.
“Biz Rusiyanın bələdiyyə deputatları hesab edirik ki, prezident V. V. Putinin hərəkətləri Rusiyanın və onun vətəndaşlarının gələcəyinə zərər vurur. Biz Vladimir Putinin Rusiya Federasiyasının prezidenti vəzifəsindən istefasını tələb edirik!” – deyə bəyanatda vurğulanır.
Sənədi iyirmidən çox deputat imzalayıb.
Bundan əvvəl Moskvanın “Lomonosovski” bələdiyyəsinin deputatları Rusiya prezidentinin istefasını tələb etmişdi. Həmçinin, Sankt-Peterburqun Smolninskoye bələdiyyəsinin deputatları Rusiya Dumasını Vladimir Putini Ukraynadakı müharibəyə görə vəzifəsindən uzaqlaşdırmaq üçün ona qarşı dövlətə xəyanət ittihamı irəli sürməyə çağırıblar.