ERMƏNİSTANDA ANTİ-RUSİYA DALĞASI
Ermənistan mətbuatının yazdığına gorə, artıq bir neçə gündür Yerevanda hakimiyyətə yaxın dairələrdən Rusiya əleyhinə bəyanatlar səslənir, hətta Rusiyanın Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilir. Aksiyanın təşkilatçıları bəyan ediblər ki, Rusiya Federasiyası strateji müttəfiq kimi Ermənistan Respublikası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmir. Aksiya iştirakçıları “Rusiya Federasiyasının biganəliyinə və neytrallığına” etiraz ediblər. İddia olunur ki, Rusiya Sünik vasitəsilə dəhliz açmaq istədiyi üçün atəşkəs pozulub.
Hətta xarici işlər naziri Ararat Mirzoyan hökumətin iclasında Rusiyaya qarşı dolayısı ilə açıqlama verib: “Ayrı-ayrı ölkələr və ya ölkələrlə bağlı gözləntilərimiz daha çox idi, amma sirr deyil ki, gözləntilərimiz doğrulmadı”.
Rusiyanın Ermənistandakı səfirinin dünən Ermənistanda akkreditə olunmuş səfirləri və beynəlxalq təşkilatların rəhbərləri ilə birlikdə cəbhə bölgəsinə və Cermuka səfər etməməsi də Ermənistan mətbuatının diqqətindən yayınmayıb.
Səfərdə 29 ölkənin və BMT-nin nümayəndələri iştirak edib, lakin Rusiya səfiri onların arasında olmayıb.