“İslam Respublikası” qəzetindən hədə: İran Azərbaycana qarşı hərbi güc tətbiq edə bilər

“İranla əvvəlki münasibətləri saxlamaq üçün odla oynamamaq Bakının dövlət xadimlərinin maraqlarına uyğundur”.

Bunu İranın “İslam respublikası” qəzeti yazıb.

Qəzet redaksiya məqaləsində Ermənistanla Azərbaycan arasındakı münaqişəyə toxunub və Azərbaycan rəhbərliyinə “odla oynamamaq” barədə xəbərdarlıq edib.

Yazıda İranın hərbi gücünə işarə edən müəllif yazır:

“Əgər İran rəsmiləri bəzi sərhəd hərəkətləri ilə bağlı mövqelərini ehtiyatla ifadə ediblərsə, bu o demək deyil ki, onlar potensial təhlükələrə qarşı hərbi gücdən istifadə etməyəcəklər. Problemləri diplomatiya yolu ilə həll etməyə üstünlük verirlər ki, hərbi gücdən istifadə zərurəti yaranmasın. Lakin qonşular İranın səbrindən sui-istifadə etməməli və ölkənin milli təhlükəsizliyinə qarşı hər hansı addım atmamalıdır.

Əgər Bakı hakimiyyəti belə bir addıma əl atsa, İran hakimiyyəti çağırışları bir kənara qoyub, öz xalqı arasında belə nüfuz sahibi olmayan qonşu dövlətlərin bəzi rəhbərlərinin bədxah niyyətlərinin qarşısını almaq üçün hərbi güc tətbiq edəcək”.

Qeyd edək ki, İran rəsmilərı Azərbaycan-Ermənistan sərhədində hər hansı dəyişikliyə imkan verməyəcəklərini bəyan ediblər. Ekspertlərin fikrincə, mətbuat azadlığının olmadığı İran dövlətində bu tip yazılar rejimin mövqeyini ifadə edir.

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib ki, İran islam dövləti olsa da,  Tehranın bu münaqişədə açıq şəkildə  Ermənistanı müdafiə etməsi təəcüblü deyil.

“44 günlük müharibə dövründə də Rusiyadan Ermənistana göndərilən silahlar İran ərazisindən keçirilirdi. Buna baxmayaraq ordumuz qalib gəldi. Əgər İran Ermənistanı müdafiə etmək üçün Azərbaycana qarşı açıq müharibəyə başlayarsa, o, rüsvayçı şəkildə məğlub olacaq. Çünki qarşısında Azərbaycan və Türkiyə orduları ilə yanaşı, Güney Azərbaycanda yaşayan 30 milyondan artıq soydaşımızın müqavimətini görəcək. Üstəlik, dünyanın əksər dövlətləri İranın təcavüzünə qarşı Azərbaycana dəstək verəcək” – deyə, Mustafa Hacıbəyli qeyd edib.

 

Basta