Müsavat fəalının cəza müddəti bitsə də, ölkədən kənara buraxılmır
Keçmiş siyasi məhbus, Müsavat Partiyasının fəalı Azad Həsənovun barəsində məhkəmə qərarı ilə təyin olunmuş sınaq müddəti başa çatsa da, onun ölkədən çıxışına qoyulan qadağa qanunsuz olaraq uzadılır. Bu haqda “Basta”ya A.Həsənov özü məlumat verib.
“Keçən ilin avqust ayında məhkəmənin təyin etdiyi şərti cəza ilə həbsdən azad olunmuşam, 8 aprel 2020-ci il tarixdə sınaq müddəti bitib. Bununla bağlı Suraxanı rayon icra və probasiya şöbəsindən müvafiq sənəd də almışam. Mənə bildirdilər ki, lazımı yerlərə biz məktub göndərəcəyik , “stop”un avtomatik götürüləcək. Lakin iyulun 24-də ölkəni tərk etmək istəyərkən hava limanında sərhəd xidmətinin əməkdaşları məni saxladı. Dedilər ki, Daxili İşlərf Nazirliyi sənin ölkədən çıxışına qadağa qoyub. Səbəbini soruşduqda, sərhədçilər dedi ki, ” biz görmürük, bilmirik , gedin özlərindən soruşun” – deyə, A.Həsənov bildirib.
Qeyd edək ki, A. Həsənovun ailəsi Litvada yaşayır. Müsavat fəalı ötən il həbsdən azad olunsa da, indiyədək ailəsi ilə, o cümlədən azyaşlı oğlu ilə birləşə bilmir.
A.Həsənov bununla bağlı daxili işlər naziri Vilayət Eyvazova onlayn müraciət edərək, cəza müddətinin bitdiyini bildirib və ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyib: “İyulun 27-si mobil nömrəmə DİN- dən mesaj gəldi ki, müraciətiniz filan nömrə ilə qeydə alındı. Və eyni zamanda mən hər gün 102 xidmətinə zəng vurub, informasiya almaq istədiyimi bildirirdim. Hər dəfə məni bir istiqamətə yönləndirir, gah Bakı Şəhər Baş Polis İdarəsinə , gah probasiya şöbəsinə göndərirlər. Suraxanı rayon İcra və Probasiya şöbəsinin DİN-ə göndərdiyi məktubun bir nüsxəsin əldə etdikdən sonra, 102 xidmətinin tövsiyyəsi ilə DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsinə dəfələrlə müraciət etmişəm. Onlar isə hər dəfə “gözlə”, “araşdırılır, “səbirli ol” deyərək, məni yola verirlər. Artıq iki gündü bu idarə də telefon zənglərimə cavab vermir”.
.
A.Həsənov 2018-ci il oktyabrın 11-də həbs olunub. O, xəstə atasına baş çəkmək üçün mühacirətdə olduğu Litvadan Azərbaycana gəldikdən bir neçə saat sonra tutulub və Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, daşıma və ya saxlama satış məqsədilə olduqda) maddəsilə ittiham olunub. O, ittihamın uydurma olduğunu bildirib. Hüquq müdafiə təşkilatları A.Həsənovu siyasi məhbus kimi tanıyıb.
A. Həsənov məhkəmə zalından azadlığa buraxılıb. Hökmə əsasən 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti) tədbiq edilib və məhkəmə zalından azadlığa buraxılıb.
.
Basta