Güney azərbaycanlı tələbə Pərisa Rəfiiyə qarşı yeni ittiham irəli sürülüb
Tehranın Evin zindanda saxlanılan Güney azərbaycanlı öyrənci fəal Pərisa Rəfiiyə qarşı yeni ittiham irəli sürülüb.
Rəfii avqustun 19-da Evin Məhkəməsinin 2-ci İstintaq Şöbəsinə aparılıb və “sistemə qarşı təbliğat aparmaq”da günahlandırıldığı bildirilib.
Məlumata əsasən, irəli sürülən yeni ittiham Pərisa Rəfiinin 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktubla əlaqədardır.
Azərbaycanlı tələbə bu məktubda siyasi fəallar, xüsusilə də qadınların İran həbsxanalarında saxlanıldığı acınacaqlı vəziyyətdən bəhs edərək məhkəmə məmurları tərəfindən bakirəlik testi və edam edilmə ilə təhdid edildiyini yazmışdı.
Rəfii İran həbsxanalarında koronavirusun geniş yayılmasına baxmayaraq iyulun 7-də barəsində çıxarılan 1 illik həbs cəzasını çəkmək üçün Evin zindanına aparılıb.
22 yaşlı tələbə bundan əvvəl Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “ölkənin təhlükəsizliyini pozmaq niyyəti ilə sözləşmə və toplaşmada iştirak etmək”, “sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai nizam-intizamı pozmaq”da günahlandırılaraq 7 il həbs cəzasına və 74 şallaq zərbəsinə məhkum edilmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdi.
Daha sonra onun barəsində çıxarılan cəzalar bir il həbs ilə əvəz edilib.
Zəncanlı tələbə 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) təhlükəsizlik bölümünün əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu korpusuna aparılmışdı. O, 23 gün təknəfərlik kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında müvəqqəti olaraq sərbəst buraxılıb.
Fotoqrafiya üzrə təhsil alan Pərisa Rəfii Tehran Universitetində mədəni və qanuni fəaliyyətlərlə məşğul olub.
Gunaz TV