Vəfa Nağının məhkəməsi başladı

Neftçala rayonunun Xolqaraqaşlı kənd bələdiyyəsinin sədri Əlibala Səlimov və ona yaxın olan iki şəxs həmin bələdiyyənin üzvü, ictimai fəal Vəfa Nağıya qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Onlar Vəfa Nağının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb olunmasını istəyirlər.

Bu gün Neftçala Rayon Məhkəməsində bu iş üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib. Bu haqda “Basta”ya vəkil Nemət Kərimli məlumat verib.

“Bu əsassız bir iddiadır. İddia yalnız “rüşvətxor” və “şərəfsiz” sözünə görə qaldırılıb. Məhkəmənin səlahiyyəti var idi ki, bu iddianı icraata qəbul etməyib işə xitam versin. Amma məhkəmə baxışı təyin olundu. Bu onu göstərir ki, böyük ehtimalla ittiham hökmü çıxarılacaq” – deyə, Nemət Kərimli bildirib.

Bir kişinin qadına qarşı xüsusi ittiham qaydasında iddia qaldırması və onu tutdurmaq istəməsi yerli əhali arasında böyük narazılıq yaradıb.

Vəfa Nağı 2019-cu ilin dekabrında keçirilən bələdiyyə seçkilərində qalib gələrək Xolqaraqaşlı bələdiyyəsinin üzvü seçilib. Onun bələdiyyə sədrində hesabat tələb etməsi, qurumun fəaliyyətində şəffaflığın təmin olunmasına çalışması bələdiyyə sədrinin maraqlarına toxunub. Bu baxımdan, Əlibala Səlimov Vəfa Nağıya qarşı kampaniyaya başlayıb. 

İyunun 16-da isə Vəfa Nağının şəkillərini böyüdərək kəndin bir neçə ictimai yerinə yapışdırıblar. Bələdiyyə üzvünün fikrincə, bunu Əlibala Səlimov etdirib.

Basta