Ermənistanda “tosovkalı” aksiya

Noyabrın 5-də Ermənistan paytaxtı Yerevanda aksiya keçirilib. Bir gün əvvəl ABŞ-ın Ermənistandakı səfirliyi həmin aksiyada qarşıdurma ola biləcəyi haqda öz vətəndaşlarını xəbərdar etmişdi. Lakin aksiya insidentsiz ötüşüb.

Aksiyada tanınmış şəxslərdən keçmiş prezident Robert Köçəryan iştirak edib.

Ötən həftə Xankəndidə  Rusiya sülhməramlılarının təşkil etdiyi və milyarder Ruben Vardanyanın maliyyələşdirdiyi mitinqdən fərqli olaraq Yerevandakı aksiya izdihamlı olmayıb – maksimum 4-5 min nəfər iştirak edib. Çoxlu sayda polis qüvvələri aksiyanı müşaiyyət edib.

Aksiya qəribə marşrutla keçirilib, həbsxana jarqonu ilə desək “tosovka” ediblər: etirazçılar əvvəlcə Fransa meydanında mitinq keçiriblər, sonra hökumət binasına doğru yürüş ediblər. Ehtimal olunur ki, təşkilatçılar çoxlu sayda insanın yürüşə qoşulacağını planlaşdırıblar. Lakin əksinə, yürüş zamanı aksiyaçıların sıraları getdikcə seyrəlməyə başlayıb. Bundan sonra etirazçılar Fransa meydanına qayıdaraq tədbirin qətnaməsini oxuyublar, sönük və coşqusuz mitinq-yürüş bununla yekunlaşıb.

Qətnamədə deyilir:

“Biz Ermənistan  və Artsax (Qarabağ) vətəndaşlarını məyus olmamağa çağırırıq. Siz təhlükəsiz ölkə, firavan gələcək üçün döyüşməyə hazır olmalısınız. Ayağa qalxıb belimizi düzəldə bilərik. Biz Artsaxdakı qardaş və bacılarımızın mübarizəni davam etdirmək üçün kollektiv iradəsini alqışlayırıq. Artsax Azərbaycanın bir hissəsi ola bilməz. Bu ideya Ermənistan müstəqilliyinin əsasını təşkil edir və biz onu nəyin bahasına olursa-olsun müdafiə edəcəyik. Ermənistan Respublikasının hazırkı hakimiyyətinin yürütdüyü siyasət Ermənistan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edir”.

Basta