Ərdoğan Rusiyanı niyə ittiham edir…
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Rusiya tərəfi 2019-cu il razılaşmasına əsasən, Suriyanın sərhəd bölgələrini kürd silahlı qruplarından “təmizləmək öhdəliyi”ni yerinə yetirməyib.
Modern.az-ın məlumatına görə, 2019-cu ilin oktyabrında Rusiya Federasiyası və Türkiyə 10 bəndlik anlaşma memorandumu imzalayıblar. Bu sənəd Rusiya hərbi polisi və Suriya sərhəd xidmətinin bölmələrinin Türkiyə ilə sərhədin Suriya tərəfində, sərhəd zonasından kənarda yerləşdirilməsini nəzərdə tutur.
Türkiyə kürd dəstələrinin və silahlarının Suriya-Türkiyə sərhədinin 30 kilometrliyindən çıxarılmasını asanlaşdırmaq üçün “Sülh mənbəyi” əməliyyatı həyata keçirib. Daha sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu kürdlərin çıxarılmasının vaxtından əvvəl başa çatdığını bildirib. Bundan sonra Rusiya-Türkiyə birgə patrulları işə başlayıb.
“2019-cu ildə Soçidə Rusiya tərəfi ilə də razılaşmamız olub. Onlar regionun terrorçulardan təmizlənməsinə cavabdehdirlər. Təəssüflər olsun ki, biz bunu onlara dəfələrlə xatırlatsaq da, Moskva öhdəliyini yerinə yetirməyib. Biz də dedik ki, susmayacağıq və oradakı terrorçulara qarşı özləri edə bilmədikləri tədbirləri özümüz görəcəyik… Burada heç bir məhdudiyyət ola bilməz. Bu əməliyyatın davamı gündəmdədir. Biz yerdən və havadan lazım olan hər şeyi etdik. Əməliyyatlara davam edəcəyik”, – deyə Ərdoğan vurğulayıb.
Ankara bazar günü Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına qarşı hava əməliyyatı keçirib – İraqın şimalında olduğu kimi, Kobani şəhərinə də zərbələr endirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının keçiriləcəyini istisna etməyib. Türkiyənin müdafiə naziri Hulusi Akar çərşənbə axşamı gecə Suriya və İraqda “Pəncə-Qılınc” əməliyyatı çərçivəsində iki gündə 184 yaraqlının məhv edildiyini açıqlayıb.
Prezident Ərdoğan həmçinin bildirib ki, o, nə Rusiya prezidenti Vladimir Putin, nə də ABŞ prezidenti Co Baydenlə Türkiyənin Suriya və İraqın şimalındakı hava əməliyyatını müzakirə etməyib. Lakin onun sözlərinə görə, “həm Bayden, həm də Putin bilir ki, biz bu bölgədə istənilən vaxt bu cür əməliyyatlar keçirə bilərik”.
Bu fonda çərşənbə axşamı Astanada Suriya üzrə danışıqların 19-cu raundu başlayır. Türkiyə Rusiya və İranla birlikdə Suriya danışıqlarında qarant ölkədir.
Suriyanın sərhəd bölgəsində kürd birləşmələrinə qarşı əməliyyatlar aparan Türkiyə qüvvələrinin mövcudluğunu Dəməşq dəfələrlə qeyri-qanuni adlandırıb və Ankaranı qoşunlarını geri çəkməyə çağırıb. YPG-nin özünümüdafiə bölmələri əsasında qurulan Suriya Demokratik Qüvvələri (SDQ) ABŞ ordusunun dəstəyi ilə Suriyanın Əl-Həsəkə və Rakka əyalətlərinin əksəriyyətinə, eləcə də Hələb əyalətlərindəki bəzi yaşayış məntəqələrinə nəzarət edir. Rəsmi Dəməşq Suriyanın şimal-şərqində muxtar administrasiyanı tanımır.
Suriya 2011-ci ildən silahlı qarşıdurma içindədir. “Astana formatı” kimi tanınan danışıqlar 2017-ci ildən davam edir və 2018-ci ilin yanvarında Soçidə Suriya Milli Dialoq Konqresi keçirilib ki, bu da münaqişənin başlanmasından bəri geniş tərkibdə toplanmaq üçün ilk cəhd olub.
Modern.az