ABŞ Ukraynada hərbi cinayətlərdə təqsirli olan şəxsləri məsuliyyətə cəlb etmək niyyətindədir
Ukraynadakı vəhşiliklərdə təqsirli olan şəxsləri məsuliyyətə cəlb etmək niyyətindədir, bu barədə çərşənbə axşamı yüksək vəzifəli Amerikalı diplomat bildirib. O, əlavə edib ki, bu miqyasda pozuntular Kremlin bundan xəbəri olduğunu və bunu dəstəklədiyini göstərir.
“Məsuliyyəti Putinin üzərinə qoymağa imkan verən hüquq formaları mövcuddur”, deyə ABŞ-ın qlobal cinayət mühakiməsi sahəsində xüsusi tapşırıqlar üzrə səfiri Bet Van Şaak Turan-ın Vaşinqtondakı müxbirinə bildirib.
Dövlət Departamentinin Brüssel Media Mərkəzi tərəfindən təşkil edilmiş brifinqdə o, Ukraynadakı hərbi cinayətləri “yeni Nürnberq anı” adlandırıb.
Onun sözlərinə görə, Rusiya qoşunlarının yerləşdiyi bütün rayonlarda hərbi cinayətlər müşahidə olunur.
Van Şaak həmçinin ABŞ-ın hərbi cinayətlərin sənədləşdirilməsi və Beynəlxalq Cinayət Məhkəməsinə və digər instansiyalara rəsmi ittihamların təqdim edilməsi üçün göstərilən müxtəlif səyləri qətiyyətlə dəstəklədiyini bildirib.
“Bizim beynəlxalq məhkəmələri dəstəkləməyimizin uzun tarixi var. İşin əsas hissəsi, əlbəttə ki, Ukrayna məhkəmələrində və Baş Prokurorluqda yerinə yetiriləcək, Corctaun Universitetinin layihəsi isə bu səylərin dəstəklənməsinə yönəlib”, deyə o bildirib.
Məsələn, Ukraynada bəşəriyyətə qarşı cinayətlər haqqında qanun yoxdur, buna görə belə ittihamlar irəli sürülsə, onları ya Beynəlxalq Cinayət Məhkəməsinə, ya da konkret təqsirləndirilən şəxslər barəsində yurisdiksiyaya malik olan xarici məhkəməyə təqdim etmək lazım gələcək, deyə Van Şaak bildirib.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru hansı işlərin hansı quruma verilə biləcəyini razılaşdırmaq üçün Ukraynanın Baş Prokuroru ilə sıx əməkdaşlıq edir, deyə o əlavə edib.