Vardanyan “vicdansızların” siyahısını açıqladı
Qarabağdakı separatçı rejimin rəhbəri Ruben Vardanyan Xankəndidə qiymətlərin süni olaraq bahalaşdığını bildirib. O, özünün feysbuk səhifəsində etdiyi çıxışda nağd pulla bağlı da problem yarandığını etiraf edib, bu səbəbdən terminallardan və kartlardan istifadə etməyə, iri mağazaları kart əməliyyatları ilə ticarət etməyə çağırıb.
Vardanyan bəzi məhsulların qiymətini artıran iş adamlarının siyahısını oxuyub və onları vicdansız adlandırıb. Vardanyan həmçinin 2 gündür camaata çörək verilməsi üçün addım atmayan Tsovateq icmasının rəhbərinin adını çəkib.
O, əlavə edib ki, hər gün vicdansız şəxslərin adlarını açıqlayacaq, çünki anbarlardakı ehtiyatlardan istifadəni düzgün qiymətləndirmək lazımdır.
Xatırladaq ki, artıq altıncı gündür azərbaycanlı ekoloqların Qarabağdakı yataqların monitorinqinə buraxılmamasına etiraz əlaməti olaraq Laçın dəhlizində aksiya keçirilir. Aksiya iştirakçıları əslində yolu bağlamadıqlarını və humanitar yükləri buraxmağa hazır olduğunu bildirsələr də, erməni tərəfi bu dəhlizdən istifadə etməyə cəhd göstərməyib.
Basta