“Tərtər işi” üzrə bəraət alanlara xəbərdarlıq edildi

Yanvarın 18-də “Tərtər işi” kimi tanınan cinayət işi üzrə zərərçəkənlər və bəraət alanlar Azərbaycan Demokrat Partiyasının qərargahında (ADP) tədbir keçiriblər.

Tədbirdə bu iş üzrə işgəncə ilə öldürülən şəxslərin yaxınları övladlarına şəhidlik statusunun verilməsini tələb edib. Tədbirdə keçən il dekabrın 6-da bəraət alan 2 nəfər də iştirak edib.

Bəraət alan digər şəxslərin tədbirə qatılmamasının səbəbini Validə Əhmədova açıqlayıb. O bildirib ki, bəraət alan şəxslər rayon icra hakimiyyətlərinə, Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) dəvət edilərək bir yerə toplaşmamaları və mediaya danışmamaları barədə xəbərdarlıq edilib.

Validə Əhmədovanın oğlu Elçin Quliyev “Tərtər işi” üzrə işgəncə nəticəsində öldürülən hərbiçilərdən biridir.

Qeyd edək ki, 2016-cı ilin aprel ayında baş verən döyüşlərdən sonra Azərbaycanda bir qrup hərbiçi istintaqa cəlb olunub.

Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə bəyanatında hərbiçilərin Ermənistanın xeyrinə casusluqda təqsirli olduğu iddia edilir. İctimaiyyət 2017-ci ilin may-iyun aylarında saxlanılanlara kütləvi şəkildə işgəncə verildiyini 2019-cu ildə öyrənib.

Hüquq müdafiəçilərinin məlumatına görə, 100-dən çox əsgər və zabit işgəncəyə məruz qalıb, 25 hərbiçi uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, ən azı 9 nəfər işgəncələr nəticəsində həyatını itirib.

Sonradan müttəhimlərin bir hissəsinə bəraət verilib, işgəncələrdə təqsirli olanlar isə həbs edilib. Qanunsuz olaraq mühakimə edilənlərə bəraət verilməsi prosesi davam edir. Məhkəmələr ötən il oktyabrın 5-də 16 nəfərə, dekabrın 6-da isə19 nəfərə bəraət verib.

Turan