Vətəndaş ayda neçə dəfə xaricdən mal sifariş edə bilər – Rəsmi

Azərbaycan vətəndaşı şəxsi istehlak üçün internet üzərindən alış-veriş edərkən ay ərzində ölkəyə ümumi məbləği 300 dollardan artıq olmayan mal gətirdə biləcək, Dövlət Gömrük Komitəsi ictimaiyyətdə çaşqınlıq yaradan “ayda 1 dəfə” məsələsinə aydınlıq gətirib.

Qurumdan BBC News Azərbaycancaya bildirilib ki, sadəcə, vətəndaşlar ay ərzində bir neçə dəfə online sifariş edə bilərlər, amma bu müddət ərzində gətirilən ümumi malın dəyəri 300 dolları ötməməlidir və vətəndaş da bunu sübut etməli, yəni aldığı mal üçün bəyannamə verməli olacaq.

Gömrük güzəştləri ilə bağlı qanuna edilən son dəyişiklikdən sonra beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkətlər vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində gətirilən rüsum tutulmayan malların ümumi dəyəri 300 ABŞ dolları ekvivalentinə bərabər edilib. İndiyə kimi bu məbləğ 1000 ABŞ dolları idi.

İnternet alış-verişinə üstünlük verən vətəndaşlar limitin azaldılmasından narazı qalıblar. Üstəlik qərarda göstərilən “ayda 1 dəfə 300 dollarlıq mal gətirilməsi” məsələsi çaşqınlıq yaradıb və narahatlığı artırıb.

Bəzi iqtisadçılar hesab edirlər ki, hökumət bu qərarla valyuta axının qarşısını almaq istəyir, ancaq onların fikrincə, bundan daha çox xarici internet-mağazalardakı ucuz malı ölkədə daha baha almağa məcbur edilən vətəndaşlar zərər görəcək.

Ayda 1 dəfə, yoxsa çox?

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi Anar Süleymanov BBC News Azərbaycancaya deyir ki, poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə ümumi dəyəri 300 ABŞ dollarından artıq olmayan məbləğdə bir neçə dəfə gətirmək mümkün olacaq.

“Bir dəfə deyiləndə nə nəzərdə tutulur? Yəni, məhsullar uçot məqsədilə bir gömrük bəyannaməsi ilə təqdim olunmalıdır. Bu da əslində həmin idxalatçıya seçim azadlığı verir. Əksər daşımalar poçt və daşıma şirkətləri vasitəsilə aparılır. O daşıma şirkətləri həmin malları vahid bəyannamə ilə gömrük orqanına uçot məqsədilə təqdim edə bilərlər. Bu normanın yeganə prinsipi gömrük orqanında həmin fiziki şəxsin adına 300 ABŞ dolları dəyərindən artıq məhsulun gəlmədiyini təsbit etmək və uçot məqsədilə şəxsin identifikasiyasını müəyyən etməkdir. Bu, heç bir halda vətəndaşın alqı-satqı imkanlarını məhdudlaşdırmır. Biz sadəcə istəyirik ki, faktiki idxalatçı və ya onun nümayəndəsi olan daşıyıcı şirkət gömrük orqanına bəyannamə təqdim etsin”.

Cənab Süleymanov söyləyir ki, vətəndaş gömrük orqanına bəyannamə verərsə, ay ərzində müəyyən edilmiş məbləği keçməmək şərtilə bir neçə dəfə məhsul alışında “heç bir problem olmur”.

Anar Süleymanov deyir ki, sentyabr ayından Dövlət Gömrük Komitəsinin istifadəyə verəcəyi “Ağıllı gömrük” (Smart customs) tətbiqi vasitəsilə hər bir vətəndaş poçtla gətirdiyi məhsulun bəyannaməsini bir neçə saniyə ərzində təqdim edə biləcək.

Kölgə iqtisadiyyatı, sahibkarlar və büdcə

Anar Süleymanov deyib ki, bu məsələ “illərdir gündəmdə olan və həm Gömrük Komitəsini, həm də ümumilikdə Azərbaycan hökumətini narahat edən məsələ idi”.

Anar Süleymanov söyləyir ki, bu dəyişiklərin əsas məqsədi kölgə iqtisadiyyatı ilə mübarizə, malları ölkəyə bütün qanunvericiliklə müəyyən edilmiş ödənişləri ödəməklə gətirən sahibkarın hüquqlarının qorunması və büdcə gəlirlərindən yayınan dövriyyənin ödənişlərə cəlb edilməsi olub.

“Son illərin təcrübəsi göstərir ki, bu sahədə qeyri-leqal ticarət dövriyyəsi yaranıb. Yəni, ölkəyə qeyri-kommersiya təyinatlı mal adı altında ayrı-ayrı işbazlar tərəfindən və sadə vətəndaşlardan istifadə etməklə Azərbaycanın daxili bazarına mal gətirilir və onlar müxtəlif ticarət mərkəzlərində realizasiya olunur. Dövlətin nə rüsumu, nə vergisi, heç bir ödənişlər ödənmir. Bu, çox böyük dövriyyədir”.

Komitə rəsmisi deyir ki, xüsusilə sərhədyanı bölgələrdə yaşayan insanlardan məhsulun şəxsi istifadə adı altında gömrükdən keçirilməsi və bunun üçün onlara müəyyən ödənişlərin edilməsi qeydə alınıb.

Onun sözlərinə görə, bu kimi hallar “sərhəddə yükləmələrə” gətirib çıxarır.

Cənab Süleymanov müəyyən edilən limitin əsas götürülməsi zamanı qonşu dövlətlərin, Gömrük İttifaqı və Avropa İttifaqı dövlətlərinin qanunvericiliyinin araşdırıldığını və bugünkü Azərbaycan iqtisadiyyatının reallıqlarının nəzərə alındığını bildirib.

“Əgər Azərbaycan vətəndaşlarının ay ərzində 300 dollar həcmində poçt daşımasına güzəşti varsa, orta statistik Azərbaycan ailəsini heç dörd yox, üç nəfər götürsək, bu, təkcə poçt daşımasına 900 dollar güzəşt nəzərdə tutur. Düşünmürəm ki, hansısa orta statistik Azərbaycan ailəsində bu məbləğdən qat-qat artıq poçt daşıması məbləği olur,” – o deyib.

“Bu, maneədir”

İqtisadi təhlilçi Natiq Cəfərli bu qərarın verilməsinin iki səbəbinin olduğunu ehtimal edir.

“Birincisi, bu ölkədən valyuta axınının qarşısını almaq, manatın məzənnəsini bu yolla sabit saxlamaq səyləridir. Digər bir səbəb onunla bağlıdır ki, xaricdən Azərbaycana ucuz və keyfiyyətli mal internet alış-verişi yolu ilə daxil olduqca, ölkə daxilində məmurlara və onların yaxınlarına məxsus olan ticarət obyektlərinin gəliri düşür, həmin obyektlərin dövriyyəsi azalır,” – iqtisadçı vurğulayıb.

Natiq Cəfərli bu qərarın karantin rejimi şəraitində verilməsini internet vasitəsilə alış-verişə maneə kimi görür.

“Pandemiya zamanında dünya boyu hökümətlər əksinə, belə alış-verişi dəstəkləyən proqramlar hazırlayıb qəbul edirlər”, – iqtisadçı deyib.

Qaydalar necə dəyişib?

Dəyişiklərə görə, əgər bundan əvvəl fiziki şəxlər rüsum ödəmədən ölkənin gömrük ərazisinə ayda bir dəfə ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mal gətirə bilirdilərsə, bundan sonra rüsumsuz gətirilə biləcək malın ümumi dəyəri təxminən ikiqat azaldılaraq 800 ABŞ dollar ekvivalentinə bərabər edilib.

Həmçinin, əgər bundan əvvəl beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində rüsum tutulmayan malların ümumi dəyəri 1000 ABŞ dollarıydısa, bundan sonra həmin hədd üç dəfədən də çox azaldılaraq 300 ABŞ dolları ekvivalentinə bərabər edilib.

Bundan başqa, müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dolları ekvivalenti məbləğində məhsulu gömrükdən rüsumsuz gətirmək qaydası da ləğv edilibdir.

Bastainfo.com