Azərbaycan XİN ölkə vətəndaşlarını İrana səfər etməməyə çağırdı

Çərşənbə axşamı Azərbaycan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktından sonra və bu ölkədəki qeyri-sabitliyə görə İrana səfərdən çəkinməyə çağırıb.

“İrandakı qeyri-sabit vəziyyət və Azərbaycan diplomatik nümayəndəliyinə qarşı törədilmiş terror aktı nəzərə alınmaqla Azərbaycan vətəndaşlarına zəruri olmadığı təqdirdə bu ölkəyə səfər etməməyi tövsiyə edirik”, – Azərbaycan Xarici İşlər Nazirliyinin 31 yanvar tarixli məlumatında deyilir.

Hazırda İranda olan Azərbaycan vətəndaşlarına mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri tövsiyə edilir.

İrandakı  Azərbaycan vətəndaşlarına konsulluq və digər müraciətləri üçün Azərbaycanın Təbrizdəki Baş Konsulluğu ilə əlaqə saxlaya bilər:

Xarici İşlər Nazirliyinin saytında Təbrizdəki Baş Konsulluğun ünvanı və telefon nömrələri verilib:

Təbriz, Vəliəsr, Arif küçəsi, 9.

Tel: (+98413) 333 48 03

Faks: (+98413) 331 53 80

E-MAİL: tabriz@mission.mfa.gov.az

WEBSITE: tabriz.mfa.gov.az

Qeyd edək ki, Azərbaycanın İranla, eləcə də digər qonşu dövlətlərlə quru sərhədləri koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il martın sonundan bağlıdır.

Bakı beynəlxalq aeroportundan Turan-a bildiriblər ki, İrana (Tehrana) uçuşlar həftədə iki dəfə (bazar ertəsi və cümə günləri) İran aviaşirkəti tərəfindən həyata keçirilir.

*Yanvarın 27-də silahlı şəxs Azərbaycan səfirliyinə hücum edib. O, avtomatdan atəş açaraq, iki mühafizəçini yaralayıb, bir nəfəri isə öldürüb. Səfirliyin əməkdaşları onu zərərsizləşdirərək İranın hüquq-mühafizə orqanlarına təhvil veriblər. İki gün sonra Azərbaycanın Tehrandakı səfirliyi təxliyə edilib.