MSK katibi: “Fəalın Bələdiyyə Şurasından çıxarılması qanunsuzdur”
İctimai fəal Vəfa Nağı Neftçala rayonu Xol Qaraqaşlı bələdiyyəsinin üzvlüyündən uzaqlaşdırılıb. Bu barədə Turan-a V.Nağı bildirib.
Onun sözlərinə görə, Türkiyədə olarkən bələdiyyə sədri Əlibala Səlimov16 gün ərzində dalbadal 3 iclas çağırıb və V.Nağının iclasda iştirak etməməsini səbəb gətirərək bələdiyyə üzvlüyündən uzaqlaşdırılması barədə qərar qəbul ediblər.
“Mən iyulun 25-də İstanbula müalicəyə getdim. Türkiyədə olanda bələdiyyə sədri Əlibala Səlimov beş gündən bir (avqustun 5-də, 10-da 20-də) iclas çağırıb və iclaslara qatılmadığım səbəbindən mənim bələdiyyə üzvlüyündən kənarlaşdırılmağım barədə qərar qəbul ediblər. Halbuki, mən iclaslara qatıla bilməyəcəyimlə bağlı İstanbuldan bələdiyyəyə məktub göndərmişəm”, – V. Nağı bildirib.
O, bələdiyyənin qərarını qanunsuz sayır və məhkəməyə müraciət edəcək.
“Əlibala Səlimovun bələdiyyə sədri olduğu son 17 ildə heç zaman hər beş gündən bir bələdiyyəinin iclası çağırılmayıb. İndi isə koronavirus pandemiyası ilə bağlı karantin elan edildiyi bir vaxtda intensiv formada hər beş gündən bir iclas çağırılmasının səbəbi məhz mənimlə bağlı olub.Təsəvvür edin ki, Türkiyədən avqustun 21-də qayıdacağımı bildiyi üçün son iclası avqustun 20-də keçiriblər. Səlimovun məqsədi odur ki, mən bələdiyyədən uzaqlaşıdırılım, o da köhnə qaydada qanunsuzluqlarını davam etdirsin”, -V.Nağı deyib.
Öz növbəsində, Ə. Səlimov “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində deyib ki, V.Nağı bələdiyyə üzvlüyündən qanunda nəzərdə tutulduğu qaydada uzaqlaşdırılıb. Bununla yanaşı, Ə.Səlimov etiraf edib ki, V. Nağının İstanbuldan göndərdiyi məktubu alıb.
“Avqustun 25-də poçt müdiri Vəfa Nağının məktubunu mənə təqdim etdi. Məktub Neftçala ərazisinə avqustun 22-də daxil olub. Amma Vəfa Nağının bələdiyyə üzvlüyündən uzaqlaşdırılması barədə qərar avqustun 20-də qəbul edilib”, – o qeyd edib.
Ə.Səlimov bu il ərzində 9 iclasın keçirildiyini etiraf edib. Bələdiyyə sədri iclasların gec-gec keçirilməsini karantin olması ilə izah edib. Amma karantin olmasına baxmayaraq, bələdiyyə üzvləri son 22 gündə (iyulun 30-da, avqustun 5-də, 10-da, 15-də 20-də) beş iclas keçirib.
V. Nağı dalbadal 4 iclasda iştirak etmədiyinə görə “Bələdiyyələr haqqında” qanunun 22-ci maddəsinin 6-cı bəndinə ( ardıcıl olaraq üç dəfə bələdiyyə iclaslarını üzrsüz səbəbdən buraxdıqda və ya il ərzində keçirilən iclasların yarısından çoxunda üzrsüz səbəbdən iştirak etmədikdə bələdiyyə üzvünün səlahiyyətlətinə xitam verilməsininə əsas ola bilər) uyğun olaraq bələdiyyə üzvlüyündən uzaqlaşdırılıb.
Lakin bələdiyyə üzvlüyünə xitam verilməsi haqqında qərarı məhkəmə qəbul edir, Şuranın özü deyil. Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov bildirib ki, məhkəmənin qərarı olmadan bələdiyyə üzvünün səlahiyyətlərinə xitam verilə bilməz.
“Əhalinin səsverməsi ilə seçilmiş seçkili orqanın üzvü məhkəmə qərarı olmadan hər hansı iclasın qərarı ilə uzaqlaşdırıla bilməz. Vəfa xanım məhkəməyə müraciət etsin. Bələdiyyə üzvlərinin iclasının qərarı ləğv edilməlidir”, -M.Rəhimov Turan agentliyinə bildirib.
Bundan öncə Ə.Səlimov V.Nağını böhtan və təhqirdə ittiham edərək məhkəmədə iddia qaldırıb. Bu, fəalın bələdiyyə orqanının işində korrupsiyanın olduğunu bəyan etməsindən sonra baş verib.
Neftçala Rayon Məhkəməsində proses davam edir.