AKP iqtidarının gücü tələbələrə yetdi
Türkiyə hökuməti zəlzələ qurbanlarının mənzil problemini həll etmək üçün Universitetlərin ilin sonunadək distant təhsilə keçməsinə qərar verib.
Pandemiya dövründə onsuz da iki ilə yaxın keyfiyyətli təhsil almaq imkanından məhrum olmuş tələbələrə tezliklə ali məktəblərin yataqxanalarını tərk etmək əmri verilib.
Bu qərar tələbələr və müəllimlər arasında böyük narazılıq yaradıb. Sosial şəbəkələrdə paylaşımlar edən gənclər “Biz distant təhsil ilə necə həkim, yaxud mühəndis ola bilərik? Ərdoğanın min otaqlı rezidensiyaları boş qalıb, otellər boş qalıb, iqtidarın gücü tələbələrəmi yetdi?” – deyə, fəryad edirlər.
“Cumhuriyet” qəzeti yazır kı, turizm bölgələrində külli miqdarda boş otellər var. İstanbuldakı otellərdə 750 min, ümumilikdə ölkə üzrə otellərdə isə 1 milyon 800 min nəfərlik boş yerlər var. Bir sıra otel şəbəkələri zəlzələ qurbanlarını boş yerlərdə yerləşdirməyə başlasa da, valiliklərin təpkisi ilə üzləşərək, bunu dayandırmalı olublar.
YÖK-ün keçmiş vitse-prezidenti, professor İsa Eşme bu qərarın təhsilin məhvinə səbəb olacağına diqqət çəkib. O, bir sıra universitetlərin ümumiyyətlə yataqxanasının olmadığını xatırladaraq, onların bağlanmasının absurd olduğunu qeyd edib.
“Universitetlərin rəsmi proqramlarında təhsil alan tələbə sayı 5 milyon 964 min 910 nəfərdir. KYK yataqxanalarında qalan tələbələrin sayı 678 min 763 nəfərdir. Dövlətin yataqxana tutumu 759 min 838 nəfərdir. Universitetlər qapalıdır. Yəni bu gün təhsili dayandırılan tələbələrin cəmi 11 faizi yataqxanalarda qalır. Gəlin təhsili məhv etməyək”, – deyə İsa Eşme bildirib.
Siyasi şərhçilərin fikrincə, bu qərar verilərkən AKP iqtidarının iqtisadi və siyasi maraqları nəzərə alınıb. Hökumət anlayır ki, zəlzələ qurbanları otellərdə yerləşdirilərsə, bir müddət sonra buna görə ödəniş etmək məcburiyyətində qalacaq. Məsələnin siyasi tərəfinə gəlincə, ekspertlər qeyd edir ki, hakimiyyət seçki dönəmində tələbələrin və müəllimlərin bir arada olmasında maraqlı deyil.
Basta