Hökumət sosial dövlət modelindən imtina edir
Son günlərin ən mühüm hadisəsi 2026-cı ilin büdcə layihəsi ilə bağlı açıqlamalar oldu.
Bu dəyişiklikləri mübaliğəsiz olaraq inqilabi dəyişikliklər adlandırmaq olar, çünki hökumət indiyə qədər mövcud olan konsensusdan kəskin şəkildə imtina etdiyini açıqladı. Bundan sonra Azərbaycan xalqı büdcədən qidalanmaqdan büdcəni qidalandırmağa keçid etməlidir.
Siyasi rejim hələlik bizə tam aydın olmayan səbəblərdən Neft Fondundan köçürmələri azaldır. Bunun səbəblərini yalnız təxmin edə bilərik, böyük ehtimalla, Neft Fondunda da ciddi problemlər var. Lakin bu ehtimalları yalnız hakimiyyət özü təsdiq edə bilər
Hələlik əsas məsələ, sosial dövlət modelindən yarım-rəsmi şəkildə imtina edilməsidir. Bu isə xalq-hakimiyyət münasibətlərinin kökündən dəyişməsi deməkdir. Azərbaycan vətəndaşı vergi ödəyicisinə çevriləndə, onun hakimiyyətlə dialoqu istər-istəməz fərqli şəkil alacaq. Pafoslu “xalq yatıb!” yanaşması artıq tarixə çevrilir, xalq özü üçün indiyə qədərki əlverişli sosial-iqtisadi mühitdən məcburi şəkildə ayrıldıqda buna ciddi reaksiya verəcək. Dövlət, xalqın müqəddəs “evinə çörək aparmaq” prinsipiylə hesablaşmamağın nəticələri ilə əyani şəkildə tanış olmağa başlayacaq. Əlbəttə, siyasi rejim bütün bunları məcburiyyətdən edir, neft hasilatının sürətlə azalması ilə yanaşı, iqtisadi modelin də tükənməsi burda həlledici faktordur
İqtisadi-sosial dəyişikliklər isə təkcə elan edilənlərlə məhdudlaşmayacaq. Böyük ehtimalla qiymət artımlarının daha ciddi dalğası baş verəcək, eyni zamanda büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin sayı (xalq arasında “dövlət işi” adlandırılan və stabillik simvolu sayılan yüz minlərlə iş yerlərindən söhbət gedir) hiss edilmədən xeyli azaldılacaq
Bütün bunlar iqtisasdi baxımdan təbii olsa da, nəzərə almalıyıq ki, hökumətin bunun əvəzində heç bir yumşaldıcı tədbir görmək imkanı yoxdur. Beləlilkə, biz hiss olunmadan “xalq ayılır” mərhələsinə qədəm qoyuruq.
Yazı Qaşqay İsmayılın feysbuk səhifəsindən götürülüb

