ABŞ senatorlarından Bəxtiyar Hacıyevə azadlıq tələbi

Bazar ertəsi ABŞ-ın iki senatoru Azərbaycan hakimiyyətini ictimai fəal Bəxtiyar Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməyə çağırıblar.

Bu haqda TURANın Vaşinqtondakı müxbiri xəbər verib.

“Mən inanıram ki, Azərbaycanın gələcəyi demokratik cəmiyyət olmalıdır, lakin fəal Bəxtiyar Hacıyev kimi siyasi məhbusların həbsi bu yola xələl gətirir. Azərbaycan Hacıyevi və digər siyasi məhbusları dərhal azad etməlidir” – deyə, senator Dik Durbin özünün Twitter hesabında yazıb.

Helsinki Komissiyasının həmsədri, senator Ben Cardin də Azərbaycan hökumətini “dekabr ayından şərlənərək ədalətsiz olaraq həbsdə olan” Bəxtiyar Hacıyevi dərhal azad etməyə çağırıb.

Kardin öz Twitter hesabında “İnsan haqlarını pozmağa çalışan hər kəsi məsuliyyətə  cəlb edə bilərik və edəcəyik” deyə vurğulayıb.

Hacıyev dekabrın 9-da “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamı ilə həbs edilib, o, iddiaları rədd edib və aclıq aksiyasına başlayıb.

Senatorların tvitləri Dövlət Departamentinin şənbə günü fəalın səhhətinin ciddi şəkildə pisləşməsindən və komaya düşmək riskindən əziyyət çəkdiyini qeyd edərək, Hacıyevin tezliklə azadlığa buraxılması çağırışını təkrarladıqdan sonra gəlib.