Həlak olmuş tələbələrin nəşi Azərbaycana gətirilib

Türkiyədə baş vermiş zəlzələdə həlak olmuş 4 azərbaycanlı tələbənin – Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin nəşi Bakıya gətirilib.

Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş bölgəsinin Pazarcık ərazisində 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni bölgənin Elbistan adlı yaşayış məntəqəsində olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində minlərlə insan həyatını itirib.

Tələbələrin cənazələri Heydər Əliyev Beynəlxalq Hava Limanında onların yaxınları tərəfindən qarşılanıb.

Yerli media tələbələrin Malatya şəhərindəki İnönü Universitetində təhsil aldıqlarını yazıb. Onların cəsədləri uzunmüddətli axtarışdan sonra fevralın 14-də tapılıb.

Yaxınları BBC-yə “bir həftədir ümidlərini üzmədiklərini” bildiriblər. Onlar hesab edirlər ki, tələbələr zəlzələ vaxtı binadan “qaçmağa çalışmasaydılar, bəlkə də ölməzdilər”.

İndiyədək Türkiyədə zəlzələdə həlak olmuş Azərbaycan vətəndaşlarının sayı 10-a çatıb.

XİN bildirib ki, fevralın 6-dan bəri 513 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub.

Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələdən bir həftə keçib.

Bəzi yerlərdə xilasedicilər dağıntılar altında sağ qalanların axtarışıyla bağlı əməliyyatları dayandırmağa başlayırlar.

Bazar ertəsi axşam saatlarına olan məlumata görə, Türkiyədə və Suriyada zəlzələdən ölənlərin sayı 40 mini keçib.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Agentliyinin (AFAD) çərşənbə günü açıqladığı məlumata görə, Türkiyədə fevralın 6-da baş vermiş dağıdıcı zəlzələdən ölənlərin sayı 35 min 400-ü ötüb.

Suriyanın şimal-qərbində isə BMT-nin məlumatına görə, ölənlərin sayı 5800-dən çoxdur.

Çərşənbə günü Türkiyə Televiziyaları “Tək ürək” kampaniyası adı altında ortaq yayın edərək, zəlzələ bölgəsinə yardım üçün 115 milyarddan çox lirə yardımı toplayıb.

Azərbaycan fevralın 6-dan zəlzələ bölgəsinə yardımlar göndərməyə davam edib.

BBC