Blinken, Əliyev və Paşinyan Münhendə görüşüblər
Fevralın 18-də Münhendə Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın birgə görüşü keçirilib.
Bu barədə Azərbaycan Prezidentinin və Ermənistan Baş nazirinin mətbuat xidmətləri eyni məzmunlu məlumat yayıb.
“Amerikanın səsi” xəbər verir ki, görüşdə həmçinin ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid, dövlət katibinin Qafqaz danışıqları üzrə baş məsləhətçi Luis Bono, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iştirak edib.
Antoni Blinken ilk öncə Prezident Əliyevə və Baş nazir Paşinyana təşəkkür edib.
“Biz inanırıq ki, Ermənistan və Azərbaycanın 30 ildən artıq davam edən münaqişədən sonra davamlı sülhü təmin etmək üçün həqiqətən tarixi imkanları var. Tərəflər özləri birbaşa danışıqlar yolu ilə, eləcə də Avropa İttifaqı və bizimlə birgə diqqətlərini sülh prosesinə yönəldiblər. Birləşmiş Ştatlar istər dostlarımızla, istər bu kimi üçtərəfli formatda, istərsə də digər beynəlxalq tərəfdaşlarla bu səyləri dəstəkləmək üçün əlindən gələni etməyə hazırdır”, Dövlət kaitbi qeyd edib.
“İlk baxışda Ermənistanın mövqeyində tərəqqi var, ancaq kifayət qədər deyil. Yəni, əsas bu məsələ müzakirə olundu”.
Modern.azxəbər verir ki, bunu İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində deyib.
“Laçın-Xankəndi yolundakı vəziyyət də əlbəttə ki, müzakirə edildi. Mən bir daha Azərbaycanın mövqeyini bildirdim ki, hər hansı bir blokadadan söhbət gedə bilməz. Dekabrın 12-dən bu günə qədər 2500-dən çox yük maşını və Qırmızı Xaç Komitəsinin avtomobilləri keçmişdir və əgər blokada var idisə, bu maşınlar necə keçə bilərdi? Yəni, bu, Azərbaycana qarşı əsassız bir ittihamdır, biz bunu rədd edirik və deyə bilərəm ki, keçirdiyim bütün görüşlərdə bu mövqe anlayışla qarşılanır”, – İlham Əliyev bildirib.
Xatırladaq ki, Nikol Paşinyan və İlham Əliyev sonuncu dəfə ötən il oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə görüşüb.