İntim şantaj

Mustafa Hacıbəyli

Əvvəllər hansısa müxalifətçi, yaxud jurnalistin intim görüntüləri ortaya çıxanda, dərhal hansısa dövlət məmuru, məsələn Əli Həsənov yalandan da olsa, hakimiyyətin bunda əli olmadığını söyləyirdi.

İndi Bəxtiyar Hacıyev bir yana, 5-6 qadının da şəxsi həyatı “ortaya qoyulub”. Belə görünür ki, yayılan yazışmalar və şəkillər Bəxtiyar Hacıyevin telefonundan və kompüterindən götürülüb, üstəlik montaj edilib, dəyişdirilib. Azərbaycanda həbsdəki şəxsin telefonu və kompüteri adətən istintaq orqanının əlində olur. Bununla belə, hakimiyyət bu görüntülərin yayılmasında rolunu inkar belə etmir, heç cəhd də göstərmir. Sanki belə də olmalıdır.

Bu, Əliyev hakimiyyətinin getdikcə dərinləşən deqradasiyasını göstərir. Kiminsə gözdən salınması üçün belə üsullardan istifadə edənlər, ilk növbədə özlərini gözdən salırlar.

Başqası onları hədəf alıb tərbiyəsiz söyüşlər söyəndə, yaxud eyni tərzdə ailələrini “ortaya qoyanda” əxlaqdan, kişilikdən, hüquqdan dəm vuranlar indi niyə susurlar?

Bəxtiyar Hacıyevin hansısa mərhələdə bu hakimiyyətlə danışığa getməsi də bu gün ona qarşı edilən vicdansızlıqlara susmağımız üçün əsas ola bilməz. Xüsusən də ona görə ki, kimlərinsə intim görüntülərinin yayılması, kiminsə şərlənməsi, şantaja məruz qalması bütövlükdə cəmiyyətə qarşı edilən saymazlıq, vicdansızlıqdır.