“Namuslu və qeyrətli” Azərbaycan kişisinə açıq məktub

 

Amerikada yaşadığım 4.5 ildə hələ, mənə öz razılığım olmadan “toxunan” olmayıb, “qısnayansa” heç olmayıbdı. Son 2.5 ili də, Miami kimi “kriminal” saya biləcəyimiz şəhərdə, tək yaşayıram. Gecə vaxtı cinsiyyət fərq etmir, təhlükəli yerdir.

Ana-bacı söhbəti edən Azərbaycan kişiləri isə ilk dəfə 8 yaşımda “qısnayıb” məni, sonrası da, ictimai nəqliyyat, iş yerlərində və s.

Küçədə, məhlədə gəzəndə ciddi sifət almalı, başımı aşağı salmalı, öz qadın enerjimi (enerjimizi) bağlamalı, az qala “cinsiyyətim” olmadan gəzməliydim ki, heç bir oğlanın, kişinin ehtirasını oyatmayım.(oyatmayaq)

Beləcə, sizdən qorxa-qorxa böyüdüm (böyüdük) Bir gün hansısa oğlanın/ atam yaşında kişinin avtobusdan düşüb, arxamca gələndə məni zorlamasından qorxdum. Özüm özümü qoruya bilməməkdən qorxdum. O cəmiyyətdə öz qadınlığımı, “bakirəliyimi” qorumaqdan ötrü davamlı “ağıllı qız” olmalıydım. (Olmalıydıq)

Ana-bacı söhbəti edən siz, bizi qısnayan,metroda əlləyən də siz. Sizinkimilər elə bilirsiniz ki, öz yoldaşınız, qızınız, bacınız eyni qorxunu, özünümüdafiəni yaşamır?
Sizə gəlib demirlər, sizi “problemə” salmaq istəmirlər. Çünki, bunu hər gün yaşayırlar. Və normalımız budur. Mənim qardaşım və özümdən böyük oğlan qohumum Bakıda olmayıb deyə, davamlı qorxmuşam və maskulən davranmağa çalışmışam.

Bulvarda otun üstündə uzansam, 5 dəqiqə sonra 20 kişi gəlib məni narahat edəcək. Amma mən “ağıllı” qız olub sizə cavab verməməliyəm. Maşın hardasa saxlayıb, aparmağı təklif etsə, yenə mən reaksiya verməməliyəm. Bəs, ana-bacı?

Bir dəfə “tarqovıyda” avaranın biri məni 30 dəqiqədən çox izlədi, sonunda Mado”ya girdim qorxub, orda da stoluma gəldi, anidən qulağıma nəsə dedi. Ani reflekslə, dik atıldım stulumdan, amma hamı mənə pis gözlərlə baxdı. Nəinki müdafiə etdilər, hətta oğlanı ora mən çağırmışamcasına baxdılar.

Sizin üçün kimdir “əsl Azərbaycan qadını”?
Aşbaz, dayə, xadimə, siz haqqsız yerə ona əsəbləşəndə səsini çıxarmayan, (dözən) sizi həmişə özündən üstün və ağıllı görən, kişilər xəyanət edər deyən, seçimlərini, danışdığı sözləri belə siz istədiyiniz kimi seçib, danışandır? Siz istəməsəniz, valideynlərinin belə, evinə gedə bilməyəndir. Bir sözlə, sizin qulunuz- “əsl Azərbaycam qadınıdır”.

Mən Miamidə də, küçədə gəzəndə bilinçaltım arada kənardan baxanlara görə yeriyir. Əslində, heçkimin vecinə də, deyiləm.

Sizinçün xaricilər “qeyrətsiz, namussuzdur.” Xarici qadın evlənəndə bakirə deyil deyə, sizin gözünüzdə, dilinizdə “q*hbə”dir.

Əzizim, sən qonşunun arvadıyla “yatanda” necə ki, o səndən xəbərsizdir, eynilə də, o sənin arvadınla sevişəndə sən xəbərsizsən.

Bu “əxlaqsız” dediyiniz qadınlar başqa ölkədən işçi kimi gəlmir. Qonşunun, qohumun “arvadı” bacısı, qızıdır. Özünüzə dürüst olun.
Bir sizin ailəniz “qeyrətli” “namuslu” deyil.

Ölkənizdəki qadınlara söz qoşduqca, onlarla xəyanətlər etdikcə sizin nə namus, nə qeyrət, nə də, ana-bacı söhbəti eləməyə haqqınız var. Niyə sən evli ola-ola sevişib qeyrətli olursan, biz qadınlar subay sevişəndə qeyrətsiz, namussuz oluruq?
Bir arqumentiniz, bir məntiqi izahınız yoxdur və olması da, mümkün deyil.

Hamınız, telegramda Azərbaycan qadınının şəklini, videosunu gözləyəcək qədər “şəxsiyyətsizsiniz” “yazıqsınız” “acsınız” “şərəfsizsiniz.”

Siz elə bilirsiniz ki, Ərəb Ölkələrindən bir neçə əsr irəlidəsiniz, müasirsiniz, amma deyilsiniz əzizim. Orda boşanmış qadın da, N dəfə evlənə bilir, siz onu belə etmirsiniz…

33 yaşım var!
Adımı səs verməyə çıxartmışdılar bir neçə gün əvvəl. (Ki, növbəti dəfə kimin ifşasınız görmək istəyirsiniz)
Həmən günü, sizin deyiminizlə “lüt” şəklimi instagramda (tam art, sərgi şəkli idi) 2 il sonra yenidən paylaşdım ki, “dövlətimiz” vaxt itirməsin.

3 dəqiqə sonra 32 il əvvəl çıxdığım, Gürcüstanın 💩 boyda kəndindən şəklimi Polşadakı dayım oğluna atıblar.

Mən azad dünyada, azad qadınam!
Və öz qərarlarımı verməyə İQ’üm çatır.

Öz sevincimi də, qeyrətimi də, ayıbımı da, qürurumu da, özüm yaşayıram.
Mənim seks partnyorumu sənin kimi, valideynlərim seçmir.

Dayım oğlu “mən indi nə deyim onlara soruşdu.” Bu sual ABŞ’dan baxanda tragikomikdir.

Sanki, mən dünən kənddən köçüb, sizin deyiminizlə özümü “buraxmışam”, ya hələ də, kənddə yaşayıram və elə şəkillər paylaşıram. Və sanki kəndin qarşısında doğulanda öhdəlik götürmüşəmmiş. Qohumlarımın “namusuna” xələl gətirməyəcəyimə and içmişəmmiş. Məndən hesab sormağa belə, özlərində ixtiyar görürlərsə, Azərbaycanda yaşayan qadınlar deməli, cəmiyyətə hesab verməldirlər hər addımlarında…
Bəs, siz kişilər kimə hesabat verməlisiniz cinsi həyatınızla bağlı?

Həmən günü anamdan da, soruşdum ki, səncə mənim nə vaxt öz həyatımla bağlı qərarlarımı heçkimi düşünmədən vermək yaşım çatacaq?
Cavabı yoxdur, çünki, özü də, 56 ildir cəmiyyətə “hesabat” verərək, onları məmnun edərək yaşayıb.

Arzun nədir soruşdum, özüylə bağlı 1 xəyalıını tapa bilmədi. (Hamısı mənim ailə qurmağımla bağlı idi)
O cəmiyyət hamını eyni olmağa məcbur və məhkum edib. Beləcə, hamı individuallığın itirib.
Öz arzularını yaşaya bilməyiblər deyə, bizim nəsli də, 60-cı illərin seçimlərinə qurban edirlər.
(Bu tək cinsi həyatla bağlı deyil)

Siz-Azərbaycan kişiləri kimsizin axı, mənim (bizim) “utancımı” yaşayasınız?
Biz sizdən utanırıq. Siz kimdən utanırsınız?
Sanki, siz “qadınların əxlaq polisi lisenziyası” ilə doğulmusunuz.

Mən Amerikadayam deyə, haqqımda nəsə danışılsa da, vecimə deyil.
Amma orda evli, hamilə, ailəsiylə yaşayan qadınların həyatı təhlükədədir.
Hər şəkli çıxan qadın üçün sanki sevinirsiniz. Sizinlə sevişməyib deyədir bu sevinc ya?

Bir özünüz düşünün, sevişmək üçün min hoqqadan çıxdığınız bir ökədə, niyə sevişən insanları təhqir, təqib edirsiniz? Dəlisiniz ya acıqlısınız?

Sevdiyiniz qadınlarla evlənə bilmirsiniz deyə, acıqlısınız bəlkə?
Bəziləri “yaxşı qız” deyil, digərlərinə də, ailəniz icazə vermir?
O şəkillərdə (real olan, qurama olmayan) olan qadınlar sizlə evlənib məcburi sevişəcəkdi, (“zorlanacaqdı”) amma orda öz seçimi ilə sevişib.

Qadınların şəkillərini icazəsiz çəkib, saxlayanlar, başqaları ilə paylaşanlar da, öz əxlaqsızlıqlarını çox yaxşı bilirlər. Sizi də, unutmayacağıq.

Hər instagramdakı bikinili şəklimə görə, kəndimizdən Polşaya, ordan anama zənglər olur.
1 yaşımda çıxdığım kəndin, məni tanımayan, 18-25 yaşlı gənclərinin qeyrətinə çevrilməyi bacarmışamsa, siz- Azərbaycan kişiləri mental sağlam deyilsiniz.

Hə, 70-80 il gediş-gəlişi olmayan amma eyni “dəyərləri” qoruyub , saxlayan Azərbaycanlı hər yerdə eynidir. Xaricə köçmüş Azərbaycanlı ailələr bir çox hallarda qızlarını bizdən də, çox qadağalarla böyüdüblər. Birdən uşaqları xaricilər kimi “əxlaqsız” olarmış.
Sanki, ancaq location dəyişiblər. Mühakimə zehniyyətləri isə eynidir…

Xatırlatma: Təqvim ili davam edir, 2023-cü ildir, bizim cinsi həyatlarımız isə, 1920-ci ilin qanunları ilə mühakimə olunur.

Normal, sağlam insan sevişmək istəyir. Anatomik, bioloji yaşında sevişməyənlər də, sizin kimi ağlını itirir.
Duş qəbul etmək, yemək kimi, sevişmək də, insanın təməl ehtiyaclarıdır.

Kim sevişmirsə, sevişməyə pis baxırsa, əlini qaldırsın, bilək 😂
“SSSR’i də, seks olmayıb” söhbəti kimi…

Dünyada sevgi və sevişmək üçün yaşanılır.

Ana-bacı söhbəti edən ölkədə, “DiN” , qadınların həyatını qorumaq yerinə, üzlərini, adlarını, ünvanlarını paylaşır. Siz “kişisinizsə” buna etiraz etməlisiniz.

Bəlkə, seks işçilərinə pul verib, sevişən də, siz deyilsiniz?
Elə bilirsiniz ki, “kişi bədənində doğulmaqla”, ailəniz sizə “namuslu” (bakirə) qız seçib cütləşdirməklə siz hansısa “xaricdəki kişidən” üstünsünüz?

Qanunların işləmədiyi ölkə mağaradır, ibtidai dövrdür. Deməli, sizə göstərilənlə razısınızsa siz də, ibtidai insansınız.

Namus da, qeyrət də, kişilik də, öz azad düşüncən olmaqdır. Öz fikrini açıq şəkildə, qorxmadan ifadə edə bilməkdir.

Əgər, korrupsiyaya, rüşvətə, diktaturaya səs çıxarda bilmirsənsə, mənim və hər bir xaricinin gözündə də, sən, sənin dilində desək “qeyrətsizsən, namussuzsan, qorxaqsan və kişi deyilsən”.

Həyatımda da, bu qədər vülqar sözdən istifadə etməmişdim.
Ey, Azərbaycanın özünü “namuslu-qeyrətli” sayıb, Azərbaycan qadınının intim həyatını izləyib, orqazm yaşayan kişisi, səni ancaq bu cür ifadə edə bilərdim.

Porno saytlar ola-ola, hər gün tanıdığın qadınların intim şəkillərini görmək üçün o telegram kanalına girirsənsə, əxlaqsız və biabırçı sənsən.

Atamın həyatda olmamasına ilk dəfə adım səslənən günü sevindim ki, boşuna hansısa “təkhüceyrəlinin” baxışlarına görə əhvalı belə pozulmayacaq.

Qeyrət və namus hər fərdin öz şəxsiyyəti ilə bağlıdır. Qadınınızın namusu da, qeyrəti də, onun öz şəxsiyyətidir.

Əvvəl özünüzü “adam edin” 😉

P.S. Telegram işlətmirəm. Amma rəfiqəm atdığı screenshotda biri “ G.Aşirova mənlə eyni şəhərdə yaşayırmış” yazmışdı.
Ona demək istəyirəm ki, “qaqaş, sən o kanala girib şərh yazmısansa, biz eyni şəhərdə yaşamırıq. Sənin başın hələ də, Azərbaycanda palçığın içində qalıb, qayıt onun yanına.” 😉

Yazı Günel Aşırovanın feysbuk səhifəsindən götürülüb