Hüquq müdafiəçisinə hücum edən şəxs saxlanılıb

Ötən gün axşam  hüquq müdafiəçisi Rüfət Səfərova hücumda şübhəli bilinən şəxs saxlanılıb. Fəal polisin hərəkətlərindən razıdır və hücumu öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirmir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, 1961-ci ildə anadan olan Məmmədxan Nəcəfov şübhəli şəxs qismində saxlanılıb, araşdırma davam edir.

Səfərov özü Turan-a bildirib ki, gecə saat 3:30-da onun şikayəti əsasında Binəqədi polisinin 5-ci bölmə rəisi bir neçə əməkdaşla birlikdə hadisə yerinə gəlib.

Onlar hadisənin baş verdiyi yerdə və mağazanın qarşısında yerləşən müşahidə kameralarındakı görüntülərə baxıblar.

“Səhər bildirdilər ki, mənə hücum edən şəxs müəyyən edilib və saxlanılıb”, – hüquq müdafiəçisi deyib.

Saxlanılan şəxs öz hərəkətlərini onunla izah edib ki, həmin əraziyə hansısa Qarabağ müharibəsi veteranı tərəfindən “təyin edilib” ki, avtomobillərin park edilməsinə görə ödəniş toplasın.

Səfərov hesab edir ki, polisin fəal araşdırma aparıb həmin şəxsi tez bir zamanda saxlaması göstərir ki, hücum planlaşdırılmayıb və siyasi motivli deyil.

“Hüquq müdafiəçisi kimi mən vətəndaşların hüquqlarının pozulmasına görə hüquq-mühafizə orqanlarının işini tənqid edirəm, amma indiki halda polisə iradım yoxdur”, – Səfərov deyib.

“Vətəndaşların hüquqlarını müdafiə edən şəxs kimi hücum edənin cəzalandırılmasını istəməzdim. Odur ki, onu cəzalandırmamağı xahiş etdim. Lakin polis saxlanmanı və prosessual hərəkətləri protokollaşdırıb”, – Səfərov qeyd edib.

*   *   *

2023 Mart 15 (Çərşənbə) 22:00:43

Hüquq müdafiəçisi Rüfət Səfərova hücum edilib

Müdafiə Xətti hüquq-müdafiə təşkilatının həmtəsisçisi Rüfət Səfərova martın 15-də axşam saatlarında hücum olduğu bildirilir.

R.Səfərovun Turana bildirdiyinə görə, o saat 20:00 radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində öz maşınına əyləşərkən tanımadığı bir şəxs tərəfindən hücuma məruz qalıb.

“Artıq uzun müddətdir ki, evimin yanında eyni yerdə maşınımı saxlayıram və heç bir problem yaşanmır. Buna görə də orada avtomobillərin dayanacaq məsələsinə baxan bir nəfərə ödəniş da edirəm. Dünən axşam da adət üzrə maşınımı orada saxlamışam. Bu gün axşam isə maşına əyləşərkən uzaqdan mən tərəf gələn bir nəfəri gördüm. O mənə yaxınlaşaraq kobud ifadələrlə “nə vaxtdan burada maşın saxlamısan, qazilərin yerini tutmusan, mane olursan” deməyə başlayıb”.

Hüquq müdafiəçinin sözlərinə görə, bundan sonra həmin şəxs onun qoluna girib və dartmağa başlayıb. “Mən onun qolundan çıxan kimi mənə başı ilə zərbə endirib. Başımda papaq olmasaydı, mənə əməlli başlı xəsarət yetirərdi. Bundan sonra mən ona heç bir qarşıqlıq vermədən onun əlindən çıxıb maşına əyləşə bildim və polisə məlumat verdim”, –  hüquq müdafiəçi deyib.

Səfərov bunu təxribat adlandırıb. “Buna hüquqi qiymətinin verilməsi və bunun araşdırılması artıq hüquq-mühafizə orqanlarının üzərinə düşür”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən Turana bildirilib ki, məsələdən xəbərdardılar və bununla bağlı məlumat veriləcək.