Ermənilər “yolu azmış” hərbçini tapıblar, iki rus əsgəri yaralanıb
Martın 21-də axşam saatlarında başından yüngül xəsarət almış iki rus hərbçisi (güllə yarası deyil) Ermənistanın Gorus rayonundakı tibb mərkəzinə müraciət edib.
Bu barədə Ermənistan KİV-i vilayət administrasiyasına istinadən məlumat yayıb. Məlumata görə, onlara yerindəcə ilkin tibbi yardım göstərilib və dərhal xəstəxanadan buraxılıblar.
Bu arada martın 21-də itmiş erməni hərbçi tapılıb, çərşənbə axşamı Ermənistan Müdafiə Nazirliyi bildirib.
“Martın 21-də avtomobillə döyüş mövqeyinə ərzaq məhsulları apararkən yolu azan hərbçi martın 22-də axtarış-xilasetmə işləri nəticəsində tapılıb. Hərbi qulluqçunun həyatı üçün heç bir təhlükə yoxdur”, – hərbi idarənin məlumatında deyilir.
Dünən Ermənistan Müdafiə Nazirliyi itmiş hərbçinin Azərbaycan ərazisində olduğunu iddia edirdi.
Lakin Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib etmişdi.
Ermənistan parlamentinin deputatı Tiqran Abramyan iki rus əsgərinin yaralanmasını erməni hərbçinin itkin düşməsi ilə əlaqələndirib.
O, özünün facebook səhifəsində iddia edib ki, Azərbaycan tərəfi rus əsgərlərinə atəş açıb: “Maraqlıdır ki, Rusiya hərbçiləri hadisə yerinə yola düşüb və azərbaycanlılar onlara atəş açıb, nəticədə iki rus hərbçisi yaralanıb. Bildiyimə görə, azərbaycanlılar Rusiya hərbçilərinin hadisə yerinə yaxınlaşmasından xəbərdar idilər, lakin bu, onların sonuncuya atəş açmasına mane olmadı”.
Ermənistan parlamentinin üzvü bir sıra məsələlərin aydın olmadığını özü də etiraf edib.
Əgər itkin düşmüş erməni hərbçi elə Ermənistan ərazisində tapılıbsa, onu axtarıb tapan rus hərbçilərinin yaralanmasının Azərbaycana nə aidiyyatı var? Rus hərbçiləri Gorusdakı xəstəxanaya müraciət ediblərsə, bu, insidentin məhz Ermənistanın nəzarətində olan ərazidə və ermənilərlə ruslar arasında baş verdiyini göstərir.
Basta