Livandan Yerevana 800-dən çox erməni gəlib, iki ailə Şuşaya köçürülüb
800-dən çox erməni əsilli Livan vətəndaşı Ermənistana gəlib. Bu haqda Ermənistanın Diasporla İş üzrə baş komissarı Zare Sinanyan cümə günü parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
Sinanyan qeyd edib ki, Ermənistanın bəzi sakinləri öz evlərini və ya bağ evlərini Livandan gələnlərə təklif edirlər. Ancaq gələnlər arasında dövlətin köməyinə ehtiyac duymayanlar var: “Bu axın davam edir, indi həftədə iki dəfə Livandan Ermənistana uçuşlarımız var”.
Sinanyan bildirib ki, gələnlərin heç də hamısı Ermənistanda qalmaq istəmir.
Daha əvvəl mediada Livandan olan iki erməni ailəsinin Qarabağa – Şuşaya köçdüyü haqda məlumat yayılıb.
“İki Livan ermənisi ailəsi daimi yaşamaq üçün Şuşa şəhərinə köçüb. Hər ikisi həkimlər ailəsidir” – deyə Sinanyan bildirib.
Bundan əvvəl Dağlıq Qarabağın separatçı rejimi fərqli şəhər və kəndlərdə 100-150 qaçqın ailəsini qəbul etməyə hazır olduqlarını bildirmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli livanlıların ölkəmizin işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirərərkən deyib ki, Ermənistan bölgədəki vəziyyətdən öz mənfur məqsədləri üçün istifadə edərək bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır:
“Ermənistan tərəfindən həyata keçirilən qanunsuz məskunlaşdırma faktı ATƏT-in faktaraşdırıcı missiyalarının hesabatlarında da qeydə alınıb. Əlbəttə, Ermənistanın bu əməlləri beynəlxalq humanitar hüququn, eləcə də 1949-cu il Cenevrə Konvensiyası və onun əlavə Protokollarının kobud pozulmasıdır.
İşğalçı Ermənistanın məqsədi bu torpaqlarda ermənilərin sayını süni şəkildə artıraraq, ərazilərin etnik-mədəni xüsusiyyətlərinin dəyişdirilməsi və beləliklə də ilhaqçı siyasətin həyata keçirilməsidir”.
XİN rəsmisi bildirib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistanın qanunsuz məskunlaşdırma siyasəti ilə bağlı, o cümlədən Ermənistanın Livandakı faciədən öz qanunsuz məqsədləri üçün istifadə etmək niyyətləri ilə bağlı ciddi narazılığımız ATƏT-in Minsk Qrupunun həmsədrləri qarşısında qaldırılıb:
“Ermənistan dərk etməlidir ki, bu qanunsuz fəaliyyət və süni məskunlaşdırma cəhdləri onun gözlədiyi nəticələri verməyəcək. İşğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərin azərbaycanlı əhalisi öz evlərinə və mülklərinə geri qayıdacaq və işğalçı Ermənistan bütün qanunsuz əməllərinə görə cavab verəcək.
Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın məqsədyönlü məskunlaşdırma siyasətinə son qoyulması tələbimiz bundan sonra da beynəlxalq birlik qarşısında qəti şəkildə qaldırılacaqdır”.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü bir partlayış baş verib. Livan Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 14-ü erməni olmaqla 170-ə yaxın adam ölüb, 5 min nəfər yaralanıb. Livan paytaxtı fəlakət bölgəsi elan edilib.
Basta