Aclıq edən Zamin Salayev huşunu itirərək yıxılıb
46 gündür Bakı İstintaq Təcridxanasında aclıq edən AXCP fəalı Zamin Salayev dünən üç dəfə huşunu itirərək yıxılıb. Son dəfə başından güclü zərbə alıb, cümə günü onun oğlu Oqtay bildirib. Bu barədə ona atasının kamera yoldaşı telefonla deyib.
Növbəti dəfə yıxılandan sonra Salayevin nitqi çətinləşib. Buna baxmayaraq, həkim çağırmayıblar.
“Atama tibbi nəzarət yoxdur, vəziyyəti çox ağırdır”, – Salayevin oğlu deyib.
Penitensiar Xidmət və Ombudsman Aparatından şərh almaq mümkün olmayıb.
Xatırladaq ki, fevralın 8-də Bakının Qaradağ Rayon Məhkəməsi Zamin Salayevin üç ay müddətinə həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3 – cü (xuliqanlıq, güc tətbiq etməklə) maddəsilə cinayət işi açılıb və onu 5 ilədək həbs təhlükəsi gözləyir.
Məhkəmə zamanı Zamin Salayev ona qarşı ittihamın yalan olduğunu bildirib və aclıq elan edib.