Əvəz Zeynallının vəkili: “Məhkəmədə eşitmədiyiniz çox şeyləri eşidəcəksiz”

Martın 27-də hakim Əli Məmmədovun sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmənin hazırlıq iclasına bir çox media nümayəndələri zala buraxılmayıb.

Məhkəmə prosesi bitdikdən sonra jurnalistlərə açıqlama verən Əvəz Zeynallının vəkili Aqil Layıc bildirib ki, prosesdə müdafiə tərəfi vəsatətlər qaldırıb.

Onun sözlərinə görə məhkəmə prosesində təqsirləndirilən şəxslərin məhkəməsinin böyük zalda keçirilməsini, cinayət işinin ibtidai istintaqa qaytarılmasını, bu işdə adı hallanan prokurorluq əməkdaş barəsində xüsusi qərar çıxarılaraq, Baş prokurorluğa araşdırılmaq üçün göndərilməsi barədə vəsatət verilib.

Onun sözlərinə görə, indiki mərhələdə məhkəmə vəsatətlərin bir çoxunu təmin eləməyib, bəzilərini baxılması üçün sonrakı mərhələyə saxlanılması barədə qərar qəbul edib.

Vəkil bundan sonra “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürova edilən təhdidlər barədə də jurnalistlərə məlumat verib.

Aqil Layıc bildirib ki, işə mahiyyəti üzrə baxılarkən bir çox sualların cavabı tapılacaq: “Eşitmədiyiniz çox şeyləri eşidəcəksiz”

Jurnalistlərə açıqlama verən Əvəz Zeynallının anası Şamama Zeynallı bildirib ki, məhkəmə prosesində Əvəz Zeynallı ittihamlardan özünü təqsirli bilməyib. Bildirib ki, o, vəzifəli şəxs olmadığı halda ona bu barədə ittiham verilib.

Məhkəmə prosesi aprelin 10-na təyin edilib.

Baş Prokurorluğun mətbuat xidməti “Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallı və “Səda TV” MMC-də rəhbər vəzifədə işləyən Elnur Şükürov barədə rəsmi açıqlama yayıb.

​”Baş Prokurorluğun İstintaq idarəsində aparılmış istintaq zamanı Əvəz Zeynalovun ayrı-ayrı şəxslərdən hədə-qorxu gəlməklə, təkrar və külli miqdarda rüşvət almasına, habələ Əvəz Zeynallı və Elnur Şükürovun qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edilib” , məlumatda deyilir.

Rəsmi məlumatda qeyd edilib ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1(qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq) 311.3.2,(təkrar rüşvət alma) 311.3.3( küllü miqdarda rüşvət alma), 311.3.4,( hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 32.4, 312.2 (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə iştirakçılığı) və 312-1.1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə)və digər maddələri, Elnur Şükürova isə həmin Məcəllənin 178.2.1, 32.4, 312.2 və 312-1.1 və digər maddələri ilə yekun ittiham elan edilib .

Öz növbəsində, bir müddət əvvəl jurnalistin həyat yoldaşı Məlahət Zeynallı həyat yoldaşına istinadən bildirib ki, Əvəz Zeynallının özünə qarşı ittihamların tamamilə əsassız və saxta olması səbəbilə istintaqda heç bir ifadə verməyib və heç bir sənədi imzalamayıb.

2022-ci il sentyabrın 10-da vəkil Elçin Sadıqov və Xural TV internet televiziyasının təsisçisi Əvəz Zeynallı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb, sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına buraxıb.

Sonradan ona qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ilə yeni ittiham irəli sürülüb. Dekabrın 29-da Əvəz Zeynalovun həbs müddəti 3 ay uzadılıb.