Aİ Azərbaycan və Ermənistanı qoşunları sərhəddən çəkməyə çağırır
Avropa İttifaqı aprelin 11-də Azərbaycan-Ermənistan sərhədindəki Teğ kəndi yaxınlığında baş vermiş hərbi toqquşmalarla bağlı təəssüfünü bildirib.
Aİ-nin aprelin 12-də yaydığı bəyanatda deyilir:
“Bu insident bir daha göstərir ki, sərhədin delimitasiyasının olmadığı şəraitdə 1991-ci ilə aid sərhəd xətti saxlanmalı, hər iki tərəfdən olan qüvvələr belə insidentlərin baş verməməsi üçün bu xətdən təhlükəsiz məsafəyə çəkilməlidir”.
Brüsselin bəyanatında deyilir ki, 2022-ci ilin oktyabrında Praqada 1991-ci ilin Almatı bəyannaməsi əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınması da daxil, əldə olunmuş bütün razılaşmalara riayət edilməsi zəruridir.
Avropa İttifaqı habelə sərhədin delimitasiyası üzrə danışıqların aktivləşdirlməsinə çağırır və bu prosesə kömək etməyə hazır olduğunu bildirir.
Aİ bir daha təmkinə və bütün mübahisəli məsələlərin dinc yolla tənzimlənməsinə çağırır:
“Avropa İttifaqı bu səyləri, o cümlədən ən yüksək səviyyədə Avropa İttifaqının Ermənistandakı missiyasının iştirakilə dəstəkləməkdə davam edir”.
Əliyev ATƏT sədrinə Laçındakı atışmadan danışıb
Prezident İlham Əliyev aprelin 12-də Şimali Makedoniyanın xarici işlər naziri, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmanini qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, Əliyev Ermənistanla Azərbaycan arasında hazırda sülh prosesinin iki istiqamət üzrə həyata keçirildiyini diqqətə çatdırıb. O, Qarabağ erməniləri ilə birbaşa təmasların qurulması istiqamətində Bakıda görüşlərin təşkili ilə bağlı təkliflər verdiyini vurğulayıb. Deyib ki, bu xüsusda Azərbaycan tərəfindən xüsusi nümayəndə təyin edilib və onlar Bakıya həm reinteqrasiya, həm də infrastruktur layihələrinin müzakirəsi məqsədilə dəvət olunublar.
Əliyev, eyni zamanda, Ermənistanla Azərbaycan arasında ikitərəfli əsasda sülh müqaviləsi üzrə və münasibətlərin normallaşdırılması istiqamətində danışıqların aparıldığını diqqətə çatdırıb. Aprelin 11-də Ermənistan-Azərbaycan sərhədində baş vermiş insidenti qeyd edərək bunun Ermənistan tərəfindən təxribat olduğunu bildirib.
Məlumata görə, Osmani ATƏT-in Azərbaycanda humanitar minatəmizləmə, yaşıl liman və digər praktiki layihələrə töhfə verə biləcəyini söyləyib.
ATƏT rəhbəri aprelin 10-dan bölgədə səfərdədir. O, daha əvvəl Gürcüstanda olub, Azərbaycandan sonra da Ermənistana getməlidir.
Aprelin 11-də Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulduğu, hər iki tərəfdən ümumilikdə 7 hərbi qulluqçunun həlak olduğu açıqlanıb. Tərəflər baş verənlərə görə bir-birlərini günahlandırıb.
Ötən ay, martın 13-də Azərbaycan hakimiyyəti Qarabağın erməni icmasının nümayəndələrini reinteqrasiya məsələlərinin müzakirəsi üçün Bakıya dəvət etdiklərini açıqlamışdı. Amma Qarabağda tanınmayan qurumun təmsilçiləri bəyan etdilər ki, “Qarabağın müstəqilliyinin alternativi yoxdur”.
Rəsmi Bakı martın 27-də təklifini yeniləsə də, ona da müsbət cavab almayıb. Amma həmin təkliflərdən öncə, martın 1-də Azərbaycanın danışıqlarda xüsusi nümayəndəsi Ramin Məmmədov Xocalı şəhərində, Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ ermənilərinin təmsilçiləri ilə görüşmüşdü.
AzadlıqRadiosu