Bayramovla Mirzoyan ABŞ-da sülh sazişi hazırlayırlar
Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu gün səhər Vaşinqton yaxınlığında başlayan müzakirələr “çox konstruktiv olub”, – bazar ertəsi Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri bildiriblər, Turan-ın Vaşinqton müxbiri xəbər verir.
Nazirlər ilk dəfədir ki, bir neçə günlük dialoq üçün bir araya gəliblər. Dövlət katibi Entoni Blinkenin bu gün səhər onlarla ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşləri olub.
ABŞ Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi bildirib ki, ABŞ-ın öhdəliyi “Cənubi Qafqaz üçün dinc, demokratik və firavan gələcəyi təşviq etməkdir”.
“Biz uzun müddətdir deyirik ki, birbaşa dialoq davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Biz müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik”, – deyə rəsmi Turan-ın danışıqların vaxtı ilə bağlı sualına cavab verib.
Dövlət Departamentinin adının açıqlanmasını istəməyən digər yüksək rütbəli rəsmisi qeyd edib ki, Vaşinqton həftə ərzində Ermənistan və Azərbaycan nümayəndələrinin “həll yolu axtarmaq üçün birbaşa və səmimi müzakirələr aparacağına” ümid edir və gözləyir.
ABŞ-ın özünü danışıqlar üçün platforma təmin etməklə məhdudlaşan ölkə kimi sayır, yoxsa Vaşinqtonun mümkün nəticə barədə planları var? Turan-ın bu sualına Dövlət Departamentinin sözçüsü belə cavab verib: “Məqsədimiz danışıqlar üçün platforma təqdim etməkdir. Ikitərəfli müzakirələr və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün birlikdə iş görülmüşdür. Biz Ermənistan və Azərbaycanla bunu birlikdə edə bildiyimiz üçün çox xoşbəxt və qürurluyıq”.
ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiyanın mövqeyi ilə bağlı Turan-ın sualına cavab olaraq, Dövlət Departamentinin digər rəsmisi deyib ki, ruslar “bunu mənfi qəbul etsələr, məyus olarıq”.
Rəsmilərin dediyinə görə, ən vacibi tərəflərin harada baş verməsindən asılı olmayaraq – Vaşinqtonda, Brüsseldə və ya Moskvada bir-biri ilə əlaqə qura bilməsidir.
“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, – deyə Dövlət Departamentinin həmin sözçüsü yekunlaşdırıb.