Türkiyədə tarixi seçki – Canlı yayım

Türkiyə Yüksək Seçim Kurulu seçkinin nəticələri ilə bağlı açıqlama verib. Məlumata görə, ölkədə seçki qutularının 100 faizi açılıb, ölkədə iştirak 88,92 faiz, xaricdə isə 52,69 faiz təşkil edib. Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, Kemal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Muharrem İnce isə 0,44 faiz səs toplayıblar. Prezident seçkisində namizədlər kifayət qədər səs toplamadıqlarına görə mayın 28-də seçkinin ikinci turu keçiriləcək.

***

Mayın 14-də Türkiyədə növbəti prezident və parlament seçkiləri keçirilir. Səsvermə saat 8:00- da baçlayıb, 17:00-dək  davam edəcək (Bakı vaxtı ilə 18:00).

Ölkə üzrə 65 milyona yaxın seçici növbəti 5 il ərzində prezidentin kimliyini müəyyən edəcək. Həmçinin 600 millət vəkili seçiləcək. Seçicilər 21 illik AKP iqtidarına  “Tamam” və ya “Davam” deyəcəklər.

Prezidentlik uğrunda 3 namizəd – Rəcəb Tayyib Ərdoğan, Kamal Kılıçdaroğlu və Sinan Oğan  mübarizə aparır.  Əgər birinci turda namizədlərdən biri ən azı 50 faiz+1 səs toplamasa,  14 gün sonra ikinci tur keçiriləcək.

Türkiyə Böyük Millət Məclisindəki yerlər uğrunda Millət İttifaqı, Cumhur İttifaqı  və Yaşıl Sol ittifaqları da daxil olmaqla 24 siyasi partiya və 151 müstəqil namizəd mübarizə aparır.