Naxçıvanda milyonlarla manat mənimsəmə faktı AŞKARLANDI
Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq bu il fevralın 15-dən martın 18-nə qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalar nəticəsində milyonlarla manat mənimsəmə aşkarlayıb.
Modern.azali audit qurumuna istinadən xəbər verir ki, yoxlamalar 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1,6 milyon manatı saxlanma xərcləri, 25,4 milyon manatı isə subsidiya ödənişləri ilə bağlı olub.
Audit nəticəsində subsidya verilməsi üçün ayrılmış vəsaitin 57,2 %-nin əsassız xərclənməsi müəyyən edilib. Bu isə subsidiya sisteminin düzgün qurulmamasına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb.
Bundan başqa, aqrar sahədə subsidiya üzrə ölkə prezidentinin fərmanları düzgün tətbiq edilməyib. Belə ki, dövlət başçısının “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 27 iyun 2019-cu il fərmanını və fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” Naxçıvanda tətbiq edilməyib, nazirlikdə müvafiq işçi qrupu yaradılmayıb, kütləvi informasiya vasitələrində məlumat dərc olunmayıb, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb.
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd muxtar respublikada tətbiq edilib, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70 %-i əkin subsidiyası hesabına, 30 %-i isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilib.
Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülüb və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmayıb.
2021-ci ildə Naxçıvanda 17 294,6 hektar sahədə aparılmış yaz əkinləri üçün hesablanmış əkin subsidiyasından gübrənin alınması üçün nəzərdə tutulmuş məbləğin 70%-i gübrə istehsalçılarına verilməyib.
2021-ci ildə subsidiya üzrə vəsaitdən 2 milyon manatı nazirlik “Kapital Bank” ASC-nin “Naxçıvan” filialında açdığı hesablaşma hesabında saxlayıb, növbəti ilin subsidyalarının verilməsində istifadə edib.
Rayon komissiyaları və yerlərdə aparılan araşdırma zamanı bir sıra nöqsanların aşkar olunduğu müəyyən edilib. Belə ki, subsidiyanın hesablanması və ödənilməsində;
– icarə müqavilələrinin bağlanmaması;
– müqavilələrdə tərəflərin imzalarının olmaması;
– icarə müqavilələrinin təsdiq edilməməsi və ya sonradan təsdiq edilməsi;
– əkin subsidiyasının verilməsinə əsas verən torpaq sahələrinin təsdiqedici sənədlərdə göstərilən hektarlarla uyğun olmaması;
– subsidiyanın verilməsi üçün digər təsdiqedici sənədlərin olmaması;
– adlarına subsidiya rəsmiləşdirilmiş vətəndaşlara subsidiyanın ödənilmədiyi və bu barədə vətəndaşların xəbərsiz olması halları müəyyən edilib.
Meyvə bağlarına subsidiyaların hesablanması zamanı ən yüksək əmsal tətbiq edilməklə bütün bağlar yeni və intensiv meyvə bağları kimi rəsmiləşdirilib, rayon komissiyaları tərəfindən təsdiq edilən adlı siyahılarda meyvə bağları növlərinə görə fərqləndirilməyib, əkilməyən və ya mövcud olmayan əkin sahələrinə, meyvə bağlarına, üzüm bağlarına, tinglərə, toxumlara və dövlət dəstəyinin digər növlərinə (arı ailələri, süni mayalanma ilə doğulan buzovlar və s.) görə subsidiyanın verilməsi rəsmiləşdirilib ki, bu da digər sahələrdə olduğu kimi dövlət vəsaitlərinin qeyri-qanuni istifadəsinə şərait yaradıb.
Texnikanın güzəştli şərtlərlə satışı zamanı nöqsanlara yol verilib. Belə ki, “Aqrolizinq” ASC-nin “Naxçıvan Aqrolizinq” ASC-yə əvəzsiz verdiyi traktor və kotanların satışı zamanı büdcə vəsaiti hesabına yerli səhmdar cəmiyyətinə əsassız olaraq 40 % güzəşt üzrə 58 800 manat subsidiya köçürülüb, texnikaların güzəştli şərtlərlə satışı zamanı alıcıların maliyyə vəziyyəti və digər istiqamətlərdə risklər araşdırılmayıb.
Un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin edilməyib. Belə ki, satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyinin xətti ilə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərini yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq” istifadə edib.
Vəsaitlərin istifadəsi zamanı mühasibat uçotunun bəzi tələblərinə əməl edilməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18,5 milyon manat, 2022-ci ildə icra edilmiş 6,9 milyon manat vəsait nazirliyin maliyyə hesabatlarında əksini tapmayıb.
Nazirliyin “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatı “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərini pozaraq pulun dövriyyəsini nağd qaydada həyata keçirib, mühasibat uçotu aparılmayıb, hesabat tərtib etməyib.
Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda nazirlikdə aparılan yoxlamanın nəticələri barədə məlumat müvafiq qurumlara göndərilib.