Erməni terrorçu ilə bağlı paylaşımlara feysbukda qadağa qoyulub
Feysbuk sosial şəbəkəsində erməni terrorçu Monte Melkonyanla bağlı paylaşımlar qadağan edilib.
Ermənistanın “Haykakan Jamanak” qəzeti rəsmi Yerevanın bununla bağlı hansı tədbirlər gördüyünü öyrənməyə şalışıb.
Ermənistan XİN-dən sorğuya cavab olaraq bildiriblər ki, qurumun nümayəndələri ilə “Meta” şirkəti arasında məsələ ilə əlaqədar danışıqlar aparılıb. Erməni tərəfi Meta şirkətindən feysbukda adı bloklanmış şəxslərin siyahısına Monte Melkonyanın adının salınmasının müfəssəl əsaslandırılmasını istəyib.
“Müzakirələrdə “Meta” şirkəti bildirib ki, Azərbaycan tərəfinin bu qadağa ilə heç bir əlaqəsi yoxdur və bu qadağa Monte Melkonyanın “Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu” (ASALA – terror təşkilatı – Basta) ilə əlaqəsi ilə bağlıdır”, – deyə XİN-dən bildiriblər. Meta şirkətindən bildirilib ki, Melkomyanın adı tam olaraq bloklanmasa da, onun təbliğ edilməsi qadağan edilib.
Ermənistanda milli qəhrəman kimi təbliğ edilən podpolkovnik Monte Melkomyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhə dəstələrindən birinin komandiri olub. Monte Melkomyan Xocalı soyqırımı zamanı əsir düşmüş azərbaycanlılara da işgəncə verilməsində çox aktiv iştirak edib. O, 1993-cü il iyunun 12-də Ağdamın müdafiəçiləri tərəfindən məhv edilib.
Basta