Priqojin Kremlə yenidən meydan oxudu

Rusiyanın hərbi birləşmələrindən biri olan “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojin hərbi qiyam cəhdindən sonra ilk dəfə açıqlama verib.

Modern.az xəbər verir ki, bu barədə onun mətbuat xidməti məlumat yayıb.

Priqojinin sözlərinə görə, intriqalar və düşünülməmiş qərarlar nəticəsində “Vaqner” 1 iyul 2023-cü ildə fəaliyyətini dayandıracaqdı.

“Komandirlər şurası toplandı və bu məlumatı döyüşçülərin diqqətinə çatdırdı. Heç kim Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razı olmadı. Heç bir aqressiya nümayiş etdirməsək də, raket hücumuna məruz qaldıq və bundan dərhal sonra helikopterlər işə düşdü. “Vaqner”in 30-a yaxın döyüşçüsü öldürüldü”, – Priqojin deyib.

O, Rusiya ordusunun helikopterlərini vurduqlarını etiraf edib və bundan  təəssüfləndiyini bildirib.

“Hücum dəstəsi Moskvaya yaxınlaşan anda dayandıq,  kəşfiyyat apardıq və məlum oldu ki, həmin an qan töküləcək. Bizim məqsədimiz isə sadəcə etiraz nümayiş etdirmək idi. Dönmək qərarının arxasında isə ən mühüm iki amil dayanırdı: birincisi – biz rus qanını tökmək istəmədik, ikincisi – ölkədə hakimiyyəti devirmək üçün deyil, etirazımızı nümayiş etdirmək üçün yürüs etmişdik”.

Priqojin harada olması barədə məlumat verməyib.

O Rostov və digər ərazilərdən yerli əhali tərəfindən rağbətlə qarşılandığını dəfələrlə təkrarlayıb. Ölkədə “bürokratiya və digər bəlalardan” xilas olmaq istəyənlərin ona ümidlə baxdığını vurğulamaqla, Kremlə yenidən meydan oxuyub.

Xatırladaq ki, “Vaqner” muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. “Vaqner” döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün “Vaqner”in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.