Kosmik ədalət
Rusiyada baş verənlər haqqında bir neçə kəlmə.
94-də və sonrakı dövrdə ölkəmizdə görünməyən faciələr yaşandı.
Toplumun ən keyfiyyətli və mütərəqqi qismində dəhşətli sarsıntılar yaşandı, yüzlərcə bəlkə də minlərcə ölkənin ən qabaqcıl və işıqlı insanların həyatında, həm ictimai həm də şəxsi həyatında dramatik olaylar yaşandı: kimi gəncliyini həsr etdiyi hədəflərin, mənaların silinib getdiyinin ürək ağrısı ilə şahidi olurdu, kimi səmimi inandığı cəmiyyətin amansız tənəzzülünü ağlaya ağlaya görürdü ancaq gücsüzlük səbəbiylə heç cür, bunu əngəlliyə bilmirdi, kimisi bu ədalətsizlik və aşırı psixoloji gərginlik sonucu ailəsinin dağılmasının faciəsini yaşayırdı, kimisi haqq etmədiyi ictimai qınağa məruz qalırdı, kimisi isə bunların hamısını birlikdə yaşayırdı.
Və ən dəhşətlisi, bu faciənin və doğru-dürüst insanların yıxılması fonunda dövlətin bütün yuxarı pillələrinə ən yaramazların və tək əqidəsi pul olanların yiyələnməsini izləmək oldu.
Əslində bütün o dövrün məhrumiyyətləri və onların törətdiyi fəsadlar indiki dövrə qədər yaşandı, hətta yaşanmaqda davam edir.
Sual edilə bilər, bütün bu yaşanmış acıların bu gün Rusiyada yaşanan olaylarla nə əlaqəsi var?
Cavab: birbaşa.
Bizim çəkdiyimizin əsas səbəbkarı Rusiyanın əsgəri yönətimi və KGB-si idi, məhz onlar Rus imperiyasının “keşiyində” duraraq Azərbaycanımızda əlindən gələn təxribatları, qiyamları və savaşları açırdı.
Bu gün o təxribatlar, o qiyamlar və o savaşlar Rusiyanın özündə baş verir. Bu gün Rusiyanın vətənsevərləri biz yaşadığımız faciəlari yaşayırlar. Bu gün onların xəyalları dağılır. Bu gün və nəhayət onlar dövlətlərinin alçaldılmasını yaşayırlar.
Əslində bu özü bir kosmik ədalətin göstərgəsidir.
Demişdik axı, etdiyin bir gün başına gələr. Elə də olur.
Adam olsunlar, başlarına gəlməsin, bizləri də rahat buraxsınlar, yoxsa daha da bətəri olacaq.
Bizlər isə ruhdan düşməyək və Söyüdlünü və söyüdlüləri qorumuğa çalışaq.